Paşinyan: “Sülh pozulmayacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunmuş ərazilərlə bağlı məsələnin artıq hüquqi müstəvidə təsbit edildiyini bildirib və qeyd edib ki, proses sülh çərçivəsində davam etdiriləcək.
Ajans.az xəbər verir ki, bu barədə Baş nazir İctimai Televiziyaya müsahibəsində bildirib.
“İstəyirəm ki, işğal olunmuş ərazilərlə bağlı məsələni birdəfəlik həll etmək istəyirəm. Biz bunu bildirmişik və artıq hər iki ölkədə bu məsələ ilə bağlı ən yüksək hüquqi qüvvəyə malik sənədimiz var”, – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, bütün mübahisəli məsələlər delimitasiya prosesi çərçivəsində həll olunacaq.
“Bu məsələ ilə bağlı sülhün pozulması olmayacaq. Biz delimitasiya yolu ilə ardıcıl olaraq irəliləyəcəyik və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistanın suveren ərazilərini dəqiq şəkildə qeyd edəcəyik”, – deyə o bildirib.
Paşinyan əlavə edib ki, sərhəd xəttinin uzun olması delimitasiya prosesini zaman baxımından mürəkkəbləşdirir.
Onun sözlərinə görə, delimitasiya komissiyaları hazırda uzaqdan fəaliyyət göstərir, müxtəlif sənədlər və protokol layihələri üzərində işləyirlər.
“Delimitasiya çox ətraflı və mürəkkəb prosesdir. Bu proses davam edir və davam edəcək”, – deyə baş nazir qeyd edib.
Nəqliyyat marşrutları və kommunikasiyalar məsələsinə toxunan Paşinyan bildirib ki, bu istiqamətdə delimitasiya prosesi müəyyən hallarda fərqli qaydada təşkil oluna bilər. Onun sözlərinə görə, dəmir yolu, boru kəməri və ya elektrik ötürücü xətlərinin keçəcəyi ərazilərdə əvvəlcə konkret sahədə delimitasiya və demarkasiya aparılmalıdır.
“Fərz edək ki, hər hansı infrastruktur layihəsi üçün 500 metr enində ərazi tələb olunur. Bu halda ən azı bir yarım kilometr uzunluğunda sahədə delimitasiya və demarkasiya aparılmalı, sərhəd millimetr dəqiqliyi ilə müəyyənləşdirilməlidir. Yalnız bundan sonra nəqliyyat marşrutları ilə bağlı məsələlər həyata keçirilə bilər”, – deyə Paşinyan vurğulayıb.