Bu sənət uşaq oyunu DEYİL: Şəhadət Bağırov NƏLƏR DANIŞDI…
İllüziya ustası, Bakı Dövlət Sirkinin sehrbazı Şəhadət Bağırov öz sənətinin gizli tərəfləri, gördüyü işlər və keçdiyi həyat yolu ilə bağlı redaksiyamıza geniş müsahibə verib.
Ajans.az həmin müsahibəni sizlərə təqdim edir.
Zərif Sofiyeva: Salam, Şəhadət bəy. Hər vaxtınız xeyir olsun. Sizi tanımayan izləyicilər üçün özünüz haqqında məlumat verə bilərsinizmi?
Şəhadət Bağırov: Salam, əlbəttə. 12 oktyabr 1986-cı ildə Şamaxı rayonunda dünyaya gəlmişəm. İllüziyaya marağım və başlamağım 25 il öncəyə gedib çıxır. Uşaqkən rayonda qalanda yüksək həvəsim olub. Televiziyada məşhur illüziya ustalarının göstərdikləri şoular məndə bu marağı formalaşdırıb.
Hətta maraqlı səhnələrin bəziləri indiyə kimi yadımda qalır. Rəqəmlərlə işləyən sehrbazların etdiyi oyunları həmişə yadımda saxlayırdım. Digəri də kartlarla göstərilən şoular idi. Düzü, mən nömrələri səhv göstərirdim amma alınırdı. Məktəb, məhəllə, ailədə hamı ətrafıma toplanırdı. Beləliklə, öz kütləmi formalaşdırdım.

Zərif Sofiyeva: İşinizin ən çətin tərəfi nədir?
Şəhadət Bağırov: Göstərdiyimiz nömrələrin çoxunun açıqlaması sosial şəbəkələrdə paylaşılır. Bu da səhnədə effektiv nəticə vermir. Çünki tamaşaçı sirri artıq bilir. Bu bizi açıqcası, məyus edir.
Zərif Sofiyeva: Real dünyada sizə görə, fantaziya mövcuddur?
Şəhadət Bağırov: Bəli, mövcuddur. Vizual və sənət olaraq dəyişir. Mən uşaqlıqda rəssam olmuşam. Rəssamlar da daha çox fantaziya ilə işləyirlər. Atam özü də heykəltəraş olub. Bu peşə sahibləri üçün fərqli baxışın olması mütləqdir. Amma filmlərdəki fantaziya realda təbii ki mövcud deyil.
Zərif Sofiyeva: Ekstrasens ilə illüziya ustası arasında fərq nədir?
Şəhadət Bağırov: Əslində ikisi də oxşardır. Lakin gələcəyi heç kim görə bilməz. Ekstrasenlər əsasən itən əşyaları tapmaqda məharətli ola bilər.
Tutaq ki, filan məkanda nə isə gizlədilib, və ya basdırılıb. Bu daha aldadıcı olur. Hələ ki, itən nələrləsə bağlı düzgün şəkildə məlumat verən ekstrasens görməmişəm. Mənə görə belə şey mümkün deyil.
Zərif Sofiyeva: Real həyatda sizə şans verilsə idi, hiylənizlə nəyi dəyişmək istərdiniz?
Şəhadət Bağırov: İnsanların maddi yaşamına təsir etmək istərdim. Çünki bu günün reallığı puldur. Qoy hamının yaxşı qazancı və yüksək yaşayış səviyyəsi olsun. Hətta özümdən də deyim. İllüziya ustalarının özünə də bir səhnə üçün nə qədər pul sərf edilir. Tamaşaçının 2-3 dəqiqə gördüyü nömrəyə minlərlə manat vəsaitlər qoyulur, aylarla məşqlər edilir. Dünya miqyasında bu rəqəm yüz minləri ötür. Çünki səhnə arxası texnika və əziyyət xərci yüksəkdir. Pulun azdırsa, illüziya ustasının məharəti zəif sayılır.
Zərif Sofiyeva: Bəs illüziya ustasının qazancı sərf edilən vəsaitə dəyir?
Şəhadət Bağırov: Əslində dəyir. Sehrbaz düşünür ki, xərclədiyi pulun əvəzini aylar sonra tamaşaçılar ilə doldurub geri alacaq. Bilir ki, qazancı olacaq. Bizim ölkədə hələ sehrbazlıq oyunlarına milyonlar qoyan ustalar yoxdur. Çünki əvəzini qəti ala bilməz. Lakin normal büdcə ilə 500-1000 manat ilə 4 ay ərzində əvəzini çıxarmaq olar.

Zərif Sofiyeva : Şəhadət bəy, sizin üçün indiki illüziya uşaqlıqdakı illüziyadan nə ilə fərqlənir?
Şəhadət Bağırov: Uşaq olanda həmişə illüziya ustalarını ilahiləşdirmişəm. Onları toxunulmaz insanlar sayırdım. İllüziya sənətində fizika, psixologiya elmləri güclüdür. Riyazi hesablamalar ilə nömrələrin nəticəsini çıxarmaq olur. Uşaq olanda hansısa sehrbazın nömrəsinə baxanda istifadə etdikləri əşyalar mənə möcüzəvi təsir bağışlayıb.
Zərif Sofiyeva: Tamaşaçıların gözünda fantastik sayılan nömrələriniz ilə həmişəlik yox etmək istədiyiniz …. varmı?
Şəhadət Bağırov: Açığı düşünməmişəm. Amma bəzi insanların düşüncələri mənə xoş gəlmir. Digər ölkələrdə tamaşaçılar sehrbazlara fərqli yanaşır. Bizdə isə, lağa qoyulur, ya da “ yalandan edir” deyib ələ salınır. Onsuz illüziya şirin yalandır. Filmdə kimsə öləndə bu reaksiyalar olmur. Halbuki o da illüziyanın növüdür. Amma bizim nömrələrə fərqli yanaşılır. İstəmirəm ölkədə bu düşüncə olsun. İnsanların çoxunun yadına illüziya sənəti heç düşmür. Düşənlər də elə bilir ki, bu sənət ancaq uşaqlar üçündür. Lakin düzgün yanaşma deyil. Əyləncə hər yaşda insana aiddir.
Hətta incəsənətə meyl edən şəxslərə ciddi yanaşılmır. Öz başıma da gəlib. Hətta evlənmək istədiyim zaman xanımların bəziləri qəribə yanaşırdılar. Lakin indi evliyəm, yaşadığım məkanda normal qarşılanıram.
Zərif Sofiyeva: Sehrbaz insanların ruhuna toxunur yoxsa psixologiyasına?
Şəhadət Bağırov: Əsasən yaşı çox olan tamaşaçının psixologiyasında iz qoya bilirik. Etdiyimiz səhnəciklərdə beyin gücü ilə nömrələrə üstünlük veririk. Düşüncə oxumaq, toxunmadan nələrisə tərpətmək və s. Hətta ilk dəfələrdə çoxsaylı zənglər də olurdu. İnsanlar məni falçı zənn edib, kömək istəyirdilər. Ancaq bu bizim peşəyə aid deyil. Elə hallarda olub ki, digər ölkədən mənə görə Bakıya gəliblər ki, problemlərini həll edim. Boşanmış xanımların belə ikinci dəfə evlənməsinə kömək edəcəyimi düşünənlər valideynlər də az olmayıb.
Zərif Sofiyeva: Xaricə səfərləriniz çox olur?
Şəhadət Bağırov: Əvvəllər bəli, olurdu. Hazırda Bakı Dövlət Sirkində işlədiyim üçün 2 ilə yaxındır ki, səfərlərimi təxirə salmışam. Həm də burada dövlət tədbirləri, əlavə məclislərə görə də vaxt problemi yaşayıram.
Zərif Sofiyeva: Bir zamanlar uğurlarınıza inanmayan insanlar ilə hazırda münasibətlər necədir?
Şəhadət Bağırov: Çoxu ilə münasibətim ya yoxdur, ya da sadəcə “Salam-Sağol”. Hələ təzə başlayanda ətrafımdakı insanların marağı yüksək olub. Dəfələrlə eyni nömrəni göstərməyimi istəyirdilər. Amma illüziyanın öz qanunları var. Bir nömrə 2 dəfə göstərilə bilməz. Həm də sirri heç kimlə paylaşmaq olmaz. Qaydalara əməl etdiyim üçün ətrafım tərəfindən düzgün başa düşülmürdüm.
Onu da qeyd edim ki, bu sahəyə marağı olanların da fantaziyası güclü olmalıdır. Biz bir qaydanı öyrədə bilərik. Lakin hər şeyi dərininə qədər izah etmək səlahiyyətimiz yoxdur. Gərək maraq göstərənlər də böyük həvəs olsun ki, özləri tapsınlar.
Sonda bildirim ki, qohum-əqrəbamın çoxu ilə hazırda münasibətim yoxdur. Çünki peşə qaydalarımı nəzərə almadan basqılar edib, sirrləri öyrənmək istəyirdilər. Bəzən bu hallar fərqli və xoşagəlməz situasiyalar da yaradıb. Ona görə çox yerə də getmirəm.

Zərif Sofiyeva: Uğurlarınıza görə kimə borclusunuz?
Şəhadət Bağırov: Ən çox atama borcluyam. Düzdür, təzyiqləri az olmayıb. Amma dəstəyini də əsirgəmirdi. Əvvəllər atam deyərdi ki, özünə düzgün sənət tap, fokus göstərən yaşın deyil, bu kişi sənəti deyil. Amma zamanla düşüncələri dəyişdi. Çünki həvəsim yüksək olub, ailəmin inamı isə az. Mən tanındıqca isə, atama zənglər gəlirdi. Və anladım ki, məni tanıyan kütləni formalaşdırmışdım.
Atam çox vaxt çağırılan məkanlara getmək üçün yol pulumu da verirdi. Əziyyətlərini itirə bilmərəm.
Zərif Sofiyeva : Hazırda maliyyə cəhətdən dəstək alırsınız?
Şəhadət Bağırov: Sirkin nəzdində fəaliyyət göstərirəmsə, bütün tamaşalarım dövlət tərəfindən tam qarşılanır. Lakin kənar məclislər üçün vəsaiti özümüz həll edirik. Bir şeyi də qeyd edim ki, sirk həmişə özü qarşılamaya bilər. Burada sehrbazın tanınmağı və zala tamaşaçını cəlb etməsi çox önəmlidir.
Zərif Sofiyeva: Hansısa nömrəni göstərəndə yaşadığınız çətin an olub?
Şəhadət Bağırov: Mən göstərdiyim2 dəqiqəlik səhnələr üçün bəzən 2 ilimi sərf etmişəm. Bu çox səbr tələb edir. Səhnədə elə an olub ki, tamaşaçı ilə birlikdə illüziya göstərmək istəmişəm. Amma tamaşaçı anidən səhnədən uzaqlaşıb. Bu da çətinlik yaradıb. Mən də məcbur qalmışam alternativ variantlar tapım. Burada tamaşaçıdan çox şey asılı olub. Çünki daim maraqları dəyişir. Bu isə bizə çətinliklər yaradır.
Zərif Sofiyeva: Peşəniz haqqında cəmiyyətdə formalaşan yanlış fikirlər nələrdir?
Şəhadət Bağırov: Bunlar əsasən göstərdiyimiz səhnəciklərlə bağlı olub. Tamaşaçı elə bilib ki, səhnəni yanlış göstəririk və onu aldadırıq. Bu da bizi çıxılmaz vəziyyətlərə qoyub.
Zərif Sofiyeva: Gələcəkdə özünüzü harada görürsünüz?
Şəhadət Bağırov: Çox istərdim Las Veqasda sehrbazların festivalında iştirak edim. Ora dünyanın hər nöqtəsindən məşhur illüziya ustaları gəlir. Lakin ora getmək üçün böyük büdcələr lazımdır. Üstəlik eyni səhnəciklər orada keçmir. Eyni səhnə olsa belə, fərqlilik mütləq qatılmalıdır. Bunların hər biri də külli-miqdarda vəsait tələb edir.
Zərif Sofiyeva : Bəs, hansı ölkələrdə əvvəl çıxışlarınız olub?
Şəhadət Bağırov: Türkiyə, Rusiya, Ərəbistanda çıxışlarım olub. Amma dəvətlərin çoxunu qəbul etməmişəm. Səbəb həmin ölkələr üçün böyük nömrələrin tələb edilməsi olub. Xarici səfərlərdə göstərilən tamaşalar üçün ağır texnikalardan istifadə olunur, üstəlik əlavə köməkçilərdə lazım olur. Onların hər biri də yüksək maliyyədir.
Özüm də istəyirəm ki, xaricə gedəndə böyük nömrələr ilə gedim. Amma bunu dəvət edən ölkələrin də heç biri qarşılamır.

Zərif Sofiyeva: Bu peşəyə olan sevginizdən bəhs etdiniz, bəs elə bir an olub ki, peşman olmusunuz…?
Şəhadət Bağırov: Əsla. Hətta çox düşünmüşəm. Sinif yoldaşlarımın arasında belə fərqli sahələrdə çalışıb yüksək maaş alanlar az deyil. Mənim isə, maaşım onlara baxanda dəfələrlə aşağı olur.
Amma həqiqəti deyim ki, peşman deyiləm. Düzdür, maaşım ürəkaçan deyil. Lakin insanların tanıması, yadda qalmağım, rəğbətin artması kifayətdir. Ailə həyatı qurduqdan sonra da bir də anladım ki, maddiyat azlıq edir. Amma içimdəki sevgi əlavə işdə işləməyimə həmişə mane olub. Nə qazanıramsa, qazanım. Yetər ki, illüziyadan olsun. Bəlkə qəribə olacaq, amma deyim. Bu sənət məni maddi yaşatmır amma mən sənəti yaşadıram. Bu yetərlidir.
Zərif Sofiyeva : İkinci dəfə dünyaya gəlsəniz, özünüzü harada görmək istərdiniz?
Şəhadət Bağırov: İnanın mən bu sənətə o qədər bağlanmışam ki, hər saniyə beynimdədir. 39 illik həyatımda tək sevdiyim peşə sehrbazlıq olub. Heç bir zaman fərqli peşəni ağlımdan keçirtməmişəm. Yaxşı ki, də belə olub.
Zərif Sofiyeva: Peşənizin sirrlərini öyrətdiyiniz tələbələriniz var?
Şəhadət Bağırov: Xeyr. Burada dərs almağa ehtiyac yoxdur. Tələbənin gərək öz fantaziyası güclü olmalıdır. Hər şeyi müəllim öyrətməli deyil. İstiqamət olaraq, nələrsə göstərilə bilər.
Mənim özümü də heç kim öyrətməyib. İçimdəki sevgi məni bu yerlərə gətirib. Birdə daim, səbrlə çalışmaq.
Elə hallar olub ki, tələbə gəlib, deyib öyrət. Amma heç bir istedadı, fantaziyası yoxdur. Mən artıq söz tapa bilməmişəm. Hər şey kiçik nömrələrdən başlayır. Qəpiklə, topla nümunə göstərə bilməyən tələbəyə adamı yox etməyi öyrətmək mümkün deyil. İllüziya sənətində hər nömrə kiçikdən başlayır. Böyük səhnəciklərə texnika yardımı olur. Dünyanın ən çətin fokusları kart, qəpik, göyərçinlər ilə edilən oyunlardır. Həmçinin, insanın cəldliyi və məntiqi burada vacibdir.

Zərif Sofiyeva: Səhnə göstərdiyiniz an yaşadığınız gülməli an:
Şəhadət Bağırov: Rayonların birində çıxış edəndə özüm ilə köməkçi bir xanım gətirmişdim. O da yeni idi. Həyatında ilk dəfə səhnədə olurdu. Həmin xanımı qutuda yox etməli idim. Lakin qutunun ağzını açanda qızın ayağı çöldə qalmışdı. Bu təbii ki, anidən olan səhvlik idi. Tez davrandım və vəziyyətdən çıxdım. Tamaşaçılar da vəziyti anlamadı.
Zərif Sofiyeva: Övladlarınız bu sahəyə maraq göstərərsə, icazə verərdiniz?
Şəhadət Bağırov: Xeyr. Bu sənət öyrədilmir. İnsanın canında olmalıdır. Üstəlik sənət olaraq da, qazancı az, məsuliyyəti böyükdür. Həmçinin, ətrafla da problemli anlar az olmur. Lakin səbrim ilə qalib gəlmişəm. Keçdiyim yolu bilərək, deyə bilərəm ki, istəmərəm.

Zərif Sofiyeva : Sonda cəmiyyətə nəyi demək istərdiniz?
Şəhadət Bağırov: Hər kəsə demək istəyirəm ki, hansı peşədə olursunuzsa, olun, fərq etmir. Təki sevgi və həvəsiniz yüksək olsun. Qazanc da önəmlidir. Bunu danmaq olmaz. Amma heç bir maddiyyat sevgi hissini aşa bilməz. Əsas yüksək maraq, həvəs, sevgi və inamla addımlamaqdır. Hamıya uğurlar!