Yeni icra başçısı kimdir?- DOSYE
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ajans.az-ın məlumatına görə, Tahir Budaqov 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə əmək və əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib. 9 fevral 2026-cı ildə Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. Elə həmin tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib. Prezidentin 2024-cü il 31 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.