ABŞ-də QALMAQAL: qadın başqasının uşağını DÜNYAYA GƏTİRİB
ABŞ-ın Florida ştatında yaşayan bir cütlük süni mayalanma prosedurundan sonra dünyaya gətirdikləri uşağın onların bioloji övladı olmadığını öyrəndikdən sonra sonsuzluq klinikasına qarşı məhkəmə iddiası qaldırıb.
Ajans.az People nəşrinə istinadən xəbər verir ki, qadın süni mayalanmadan keçib və 2025-ci ilin dekabrında valideynlərin görünüşündən xeyli fərqlənən bir qız uşağı dünyaya gətirib. Aparılan DNT testi körpə ilə cütlük arasında heç bir genetik əlaqənin olmadığını təsdiqləyib.
Cütlük hesab edir ki, embrion köçürülməsi zamanı ciddi səhvə yol verilib. İddiada onların embrionlarının klinikadakı digər pasiyentlərə köçürülmüş ola biləcəyi ehtimalı da irəli sürülür.
Valideynlər klinikada embrionları saxlanılan bütün müştərilərin bu barədə məlumatlandırılmasını, həmçinin son beş il ərzində pulsuz genetik testlərin aparılmasını tələb edirlər. Onlar eyni zamanda qız uşağının bioloji valideynlərini tapmaq niyyətində olduqlarını bildiriblər.
Cütlük qan qohumluğu olmamasına baxmayaraq, artıq uşağa emosional bağlı olduqlarını vurğulayıb. Klinika isə hadisənin səbəblərini araşdırmaq üçün istintaqla əməkdaşlıq etdiyini açıqlayıb.