Avtobus sürücüsünün DAVRANIŞLARI TƏHLÜKƏ SAÇDI
15.01.2026-cı il tarixində saat 13:00-da Bakıdan Gəncəyə yola düşən avtobusda sürücü yol boyu dəfələrlə sükanı buraxaraq hər iki əli ilə mobil telefonda oyun oynayıb.
Ajans.az xəbər verir ki, patrul.az redaksiyasına müraciət edən izləyici tərəfindən təqdim olunan videogörüntülər ciddi narahatlıq doğurub.
Görüntülərdən aydın olur ki, sürücü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə diqqətini yoldan yayındıraraq həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını real təhlükə altına atıb. Uzun məsafəli reyslərdə bu cür davranışın nəticələri xüsusilə ağır ola bilər. Məlumdur ki, sürücünün sükan arxasında telefondan istifadə etməsi, xüsusən də hər iki əli sükandan çəkərək oyun oynaması yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hesab olunur. Belə hallarda qəza riski dəfələrlə artır və bir anlıq diqqətsizlik faciə ilə nəticələnə bilər. Sual yaranır: Bu cür məsuliyyətsiz davranış necə nəzarətsiz qala bilir? Sərnişinlərin təhlükəsizliyinə cavabdeh olan sürücülərin fəaliyyətinə nə dərəcədə ciddi nəzarət edilir? Sosial şəbəkələrdə yayılan bu tip görüntülər artıq tək-tük hal deyil və ictimai nəqliyyatda təhlükəsizlik məsələsinin yenidən gündəmə gətirilməsini zəruri edir. Sərnişin daşıyan sürücülər üçün məsuliyyət daha böyükdür və bu məsuliyyət “rahatlıq” və ya “vərdiş” adı altında gözardı edilə bilməz. Ümid edirik ki, aidiyyəti qurumlar yayılan görüntüləri araşdıracaq, faktlar təsdiqlənərsə, qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək. Çünki yol hərəkətində məsuliyyətsizlik bağışlanılan səhv deyil, insan həyatına yönəlmiş real təhlükədir.
View this post on Instagram
Mövzular: