Azərbaycanda xüsusi psixoloji qaynar xətlər MÖVCUDDUR?
İntihar və özünə qəsd hallarının qarşısının alınması ilə bağlı ölkədə xüsusi psixoloji qaynar xətlərin mövcud olmaması məsələni gündəmə gətirir. Bu baxımdan, ölkədə bu tip bir xidmətə ehtiyacın olub-olmaması və hazırda mövcud alternativ mexanizmlərin hansılar olduğunu araşdırmışıq.
Ajans.az məsələ ilə bağlı FHN-yə sorğu ünvanlayıb. Nazirlikdən bildirilib ki, qurumun “112” qaynar telefon xətti 24 saat fasiləsiz fəaliyyət göstərir və istənilən növ fövqəladə hadisə, o cümlədən intihara cəhd halları ilə bağlı müraciətlər dərhal qəbul olunur.
Qeyd olunub ki, belə vəziyyətlərdə aidiyyəti qurumlar operativ şəkildə hadisə yerinə cəlb edilir və zəruri köməklik göstərilir.
Həmçinin, məsələnin psixoloji tərəflərini gündəmə gətirmişik.
Mövzu ilə bağlı,psixoloq Aynur İsmayılova da redaksiyamıza açıqlama verib. Onun sözlərinə görə, intihar hallarının əksəriyyətindən əvvəl gizli depressiya müşahidə olunur:

“Depressiya hər insanda ola bilər, lakin hər kəs intihara əl atmır. Risk daha çox gizli depressiya yaşayan və psixoloji dəstək almayan insanlarda müşahidə olunur. Bu isə vaxtında mütəxəssisə müraciət etməklə qarşısı alına bilən bir vəziyyətdir”.
Psixoloq bildirib ki, intihar hallarının müəyyən yaş qrupları, xüsusilə yeniyetməlik və gənclik dövrü ilə əlaqəli olması psixoloji dəstəyin vacibliyini daha da artırır. Onlayn psixoloji xidmətlərin və xüsusi qaynar xətlərin yaradılması bu cür halların qarşısının alınmasında mühüm rol oynaya bilər.
Mütəxəssis eyni zamanda sosial şəbəkələrdə intihar hadisələri ilə bağlı xəbərlərin tez-tez və nəzarətsiz yayılmasının mənfi təsir göstərə biləcəyini də vurğulayıb:
“Bu tip xəbərlərin çox yayılması intihara meyilli insanlara psixoloji təsir göstərə və onlara yanlış mesaj verə bilər. Daha düzgün yanaşma maarifləndirmə, psixoloji dəstəyin təşviqi və kömək mexanizmlərinin əlçatan olmasıdır”-deyə, o qeyd edib.
Ümidsizlik, stress və depressiya əlamətləri hiss edən şəxslərə vaxt itirmədən psixoloqa müraciət etmək tövsiyə olunur. Hər hansı fövqəladə vəziyyət zamanı isə FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq mümkündür.