Slovakiyada etiraz aksiyası keçirib
16 dekabr axşamı minlərlə insan Slovakiyanın Baş naziri Robert Fiko hökumətinin son addımlarına etiraz etmək üçün paytaxt Bratislava da daxil olmaqla ölkənin 10 şəhərində mitinqlər təşkil edib.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Fiko hökumətinə sadiq parlament üzvlərinin ötən həftə İfşaçıların Müdafiəsi Orqanını ləğv etmək planını təsdiqləməsindən narazılıqlarını bildiriblər. Bu addım həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqid olunub.
Bundan başqa, parlament hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şübhəlilərdən toplanmış sübutların cəzalardan azad olunmaq müqabilində istifadəsini qadağan etmək üçün də səs verib ki, bu da mübahisəli addım hesab olunur.
Etirazçılar Svoboda meydanında “İstefa, istefa” və “Utanc, utanc” şüarları səsləndiriblər. Onlar həmçinin Prezident Peter Pellegrinidən qanun layihəsinə veto qoymağı tələb ediblər.
Qeyd edək ki, 17 noyabr tarixində Slovakiyada on minlərlə insan Fiko və onun Rusiyapərəst mövqeyinə etiraz etmək üçün küçələrə çıxmışdı.