Semeru vulkanı kül püskürdü
İndoneziyanın mərkəzindəki Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı bir neçə püskürmə qeydə alıb.
Ajans.az Antara xəbər agentliyinə istinadən xəbər verir ki, müşahidə stansiyasının işçiləri üç ayrı püskürmə qeydə alıb.
Stansiya əməkdaşlarının məlumatına görə, vulkanın kraterindən püskürən kül 900 metr yüksəklikdə, yəni dəniz səviyyəsindən 4576 metr hündürlüyə çatıb. Kül isə cənub-qərb istiqamətində sürətlə yayılır.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı, həmçinin vulkanın isti qayaları püskürtmə riski səbəbindən kraterdən 5 kilometr məsafədə qalmağı tövsiyə edib.
Semeru İndoneziyada dördüncü ən yüksək vulkan və Yava adasındakı ən yüksək zirvədir, onun hündürlüyü dəniz səviyyəsindən 3676 metr təşkil edir.
Qeyd edək ki, İndoneziya, dünyanın ən böyük arxipelaqı olaraq, 18 000 adadan ibarətdir və Sakit Okeanın “Alov Həlqəsi” adlanan seysmik aktiv zonasında yerləşir. Ölkədə 500-dən çox vulkan var ki, onlardan təxminən 130-u aktivdir.