Madriddə minlərlə insan növbədənkənar seçki tələbi ilə aksiya keçirib
İspaniyanın paytaxtı Madriddə on minlərlə insan hökumət əleyhinə nümayişdə iştirak edərək növbədənkənar ümumi seçki tələb edib.
Ajans.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
Etiraz aksiyası İspaniyanın mühafizəkar Xalq Partiyası tərəfindən keçirilib. Bu, baş nazir Pedro Sançesin keçmiş yaxın tərəfdaşlarından biri, sabiq nəqliyyat naziri Xose Luis Abalosun korrupsiya işi üzrə araşdırma aparan hakim tərəfindən həbsindən üç gün sonra baş tutub.
Xalq Partiyası aksiyada 80 min nəfərin iştirak etdiyini bildirib, lakin mərkəzi hökumətin bölgə üzrə nümayəndəsi iştirakçı sayını təxminən iki dəfə az qiymətləndirib.
Xalq Partiyasının lideri Alberto Nunyes Feijoo hazırki qanunverici orqanı "absurd" adlandırıb və bunun davam etməsinə icazə verilməyəcəyini bildirib. O, əlavə edib ki, Abalosun məhkəmədən əvvəl həbs edilməsi Sançesin siyasət tərzinin "çürük" olduğunu sübut edib.