Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edilib
Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Ukrayna üçün 8 milyard dollarlıq yeni kredit proqramı hazırlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Ali Radanın Büdcə məsələləri komitəsinin sədri Roksolana Pidlasa sosial şəbəkələrdə bildirib.
O, qeyd edib ki, yeni proqram üzrə rəsmi danışıqlar zamanı Ukraynanın 2026-cı il büdcəsinin detalları BVF missiyasının rəhbəri Qevin Qrey və həmkarları ilə müzakirə olunub.
"BVF-nin Ukraynaya təklif etdiyi proqramın ümumi həcmi dörd il ərzində təxminən səkkiz milyard dollar təşkil edir. Bu, gözlədiyimizdən və ehtiyacımızdan azdır, lakin BVF proqramı digər tərəfdaşlardan, o cümlədən reparasiya kreditindən maliyyə əldə etməyin açarıdır", – deyə o əlavə edib.
Pidlasanın sözlərinə görə, proqramın işə salınması və ilk ödənişlər yanvarda gözlənilir.
Bununla yanaşı, proqramın başlanması üçün fondla razılaşdırılmış kəsir çərçivəsində 2026-cı il büdcəsinin təsdiqi tələb olunur.