Hansısa ölkənin nüvə silahı sınaqdan keçirməsinə aid dəlil yoxdur- Qrossi
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) rəhbəri Rafael Qrossi hansısa bir ölkənin nüvə silahı sınaqdan keçirdiyinə dair heç bir dəlil olmadığını bildirib.
Ajans.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Kalininqradda keçirilən mətbuat konfransında çıxış edən Qrossi, bu cür sınaqları aşkar etmək üçün hazırlanmış qlobal monitorinq sisteminin heç bir müvafiq hadisəni qeydə almadığını təsdiqləyib.
"Vyanada nüvə silahı sınaqlarının keçirilməsini izləyən bir təşkilat var. Hal-hazırda fəaliyyətdə olan bu monitorinq sisteminə görə, bu cür sınaqların keçirildiyini göstərən heç bir hadisə baş verməyib", - deyə o, ABŞ da daxil olmaqla, heç bir ölkənin sınaqları ilə bağlı birbaşa suala cavab olaraq bildirib.
Qeyd edək ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı vəziyyəti müzakirə etmək üçün Rusiyanın nüvə korporasiyası Rosatom-un rəhbəri Aleksey Lixaçev ilə görüşmək üçün Kalininqrada gəlib.