Tramp Bakıya GƏLİR?
“Mən Cənubi Qafqazda baş verən proseslərə və Azərbaycan-Amerika münasibətlərinə çox nikbin baxıram”.
Ajans.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Hudson İnstitutunun aparıcı eksperti Lyuk Koffi deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərə yeni enerji vermək zamanı çoxdan yetişib. “Avqustun 8-də Ağ Evdə prezident Trampla görüş münasibətlərimiz üçün yeni başlanğıc nöqtəsi oldu. İnanıram ki, ABŞ və Azərbaycanın iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi sahələrdə ümumi maraqları var. Ümid edirəm ki, gələcəkdə iki ölkə arasında daha sıx əməkdaşlıq görəcəyik”, – qeyd edib.
Məlumdur ki, Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan) Vaşinqton üçün strateji əhəmiyyət daşısa da, prezident səviyyəsində səfərlər nadir hallarda baş tutub.ABŞ prezidentlərindən yalnız Corc Buş 2005-ci ilin mayında Tiflisdə rəsmi səfərdə olub. O həm də yeganə ABŞ prezidentidir ki, Cənubi Qafqaza rəsmi səfər edib. Tramp administrasiyası Cənubi Qafqaz bölgəsinə – konkret olaraq Azərbaycan və Ermənistan arasında – sülhə və infrastruktur layihələri təşəbbüsü ilə çıxış edir. 8 avqust 2025-də Vaşinqtonda bu iki ölkə arasında birgə bəyanat imzalanıb.