İrqçi hüceyrəsinin üzvləri 29 il müddətinə azadlıqdan məhrum edildilər
Böyük Britaniyada irq müharibəsi hazırlayan və məscidlərə, sinaqoqlara hücum planlaşdıran ifrat sağçı üç nəfərdən ibarət terrorçu qrup ümumilikdə 29 il həbs cəzası alıb. Onlar nasist ideologiyasını təbliğ etməkdə və terror aktları hazırlamaqda ittiham olunublar.
Ajans.az xəbər verir ki,Şeffild Crown Məhkəməsi tərəfindən mühakimə edilən 34 yaşlı Kristofer Rinqrouz, 25 yaşlı Marko Pitzettu və 25 yaşlı Broqan Stüart müvafiq olaraq 10 il, 8 il və 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Prokuror Conatan Sandiford KC məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslər “ciddi zorakılığa haqq qazandırıb, onu təşviq edib və tərifləyiblər”. Onlar dini ibadət məkanlarına – məscidlərə və sinaqoqlara hücum etməyi planlaşdırıblar.
İstintaq müəyyən edib ki, 2024-cü ilin əvvəllərində qrup Lids şəhəri daxil olmaqla bir sıra potensial hədəfləri müəyyən etməyə başlayıb və çoxsaylı qurbanlara səbəb ola biləcək terror aktları planlaşdırıb.
Məhkəmədə təqdim olunan sübutlara əsasən, qrupun qeyri-rəsmi lideri olan Stüart, Rinqrouz və Pitzettunu “zirehçiləri” adlandıraraq onları odlu silahlar və partlayıcı maddələr hazırlamağa təşviq edib.
Polisin təqsirləndirilən şəxslərin yaşadığı ünvanlara keçirdiyi əməliyyat zamanı pala, qılınc, arbalet, səsboğucu ilə təchiz edilmiş qeyri-qanuni silahlar və 200-dən çox müxtəlif silah aşkarlanıb. Rinqrouz həmçinin yarıavtomatik odlu silah hissələrini 3D printer vasitəsilə hazırlayıb.
Prokuror Sandiford bildirib ki, bu şəxslər öz ekstremist işlərinə başqalarını da cəlb etməyə və gələcəkdə daha da “ölümcül” hücumlar üçün silah arsenalını genişləndirməyə çalışıblar.
Məhkəmə istintaqında məlum olub ki, təqsirləndirilən şəxslər heç vaxt bir-birlərini şəxsən tanımayıblar. Onlar əlaqəni yalnız şifrəli onlayn söhbətlər vasitəsilə saxlayıb, nasist simvolları, irqçi təbliğat və zorakı fantaziyalar paylaşaraq virtual “terror hüceyrəsi” qurublar.