Moldovanın baş naziri növbəti hökumətə rəhbərlik etməkdən imtina edib
Moldovanın hazırkı baş naziri Dorin Recean Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlament seçkilərindən sonra formalaşdıracağı yeni hökumətə rəhbərlik etməkdən imtina edib.
Ajans.az xəbər verir ki,bu barədə Recean və PAS-ın sədri İqor Qrosu birgə keçirdikləri mətbuat konfransında məlumat veriblər.
“Biz Receanı baş nazirliyə namizəd kimi irəli sürməyi planlaşdırırdıq, lakin o, bizə bildirdi ki, onun hökumətdəki səlahiyyətləri bu mərhələdə başa çatır”, – Grosu bildirib.
Dorin Recean, siyasi fəaliyyətini başa vuraraq biznes sahəsinə qayıtmaq istədiyini açıqlayıb:
“Mən artıq ictimai-siyasi həyatda iştirak etməyəcəyəm. Yeni hökumət təsdiqlənən kimi deputat mandatımdan da istefa verəcəyəm və bir neçə il əvvəl müvəqqəti tərk etdiyim peşə fəaliyyətimə geri dönəcəyəm”.
İqor Qrosu əlavə edib ki, növbəti hökumətin başçısı prezident Maia Sandu tərəfindən, parlamentdəki partiya fraksiyaları ilə məsləhətləşmələrdən sonra rəsmi olaraq təqdim ediləcək. Seçkilərdə əsas çoxluğu əldə edən PAS, yeni kabineti müstəqil şəkildə formalaşdırmaq imkanına malikdir.
Jurnalistlərin suallarını cavablandıran Qrosu bildirib ki, mövcud hökumətdə uğurlu fəaliyyət göstərən bəzi nazirlərin öz postlarında qalması ehtimalı var, lakin bu barədə yekun qərarı yeni baş nazir verəcək.
Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini oktyabrın 16-da təsdiqləməlidir.