İtaliya hakim partiyası niqabın qadağan olunmasını təklif edir
İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası ictimai yerlərdə burka və niqab taxmağı qadağan edən qanun layihəsi hazırlayıb. Qanun pozuntusuna görə 300-dən 3000 avroya qədər cərimə tətbiqi nəzərdə tutulur.
Ajans.az xəbər verir ki,bu barədə oktyabrın 8-də Politico nəşri, layihənin təşəbbüskarlarından biri — parlament üzvü Andrea Delmastroya istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu təşəbbüs baş nazir Corciya Meloninin rəhbərlik etdiyi sağçı partiyanın İslamla bağlı “mədəni separatizm” adlandırdığı tendensiyaya qarşı daha geniş hüquqi çərçivənin tərkib hissəsidir.
Andrea Delmastro bildirib ki, dini etiqad azadlığı toxunulmazdır, lakin bu hüquq İtaliya Konstitusiyasına və dövlət prinsiplərinə tam hörmət çərçivəsində həyata keçirilməlidir.
Təklif olunan qanun layihəsində, həmçinin məcburi nikahlarla bağlı cəzaların sərtləşdirilməsi və dini qrupların xarici maliyyə mənbələri barədə şəffaf məlumat təqdim etmə öhdəliyi də yer alır.
Bununla yanaşı, Politico İranla bağlı paralel bir nüansı da xatırladıb. Belə ki, 2024-cü il dekabrın 15-də İranın Milli Təhlükəsizlik Şurası parlamentdən “iffət və hicab” qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib. Hökumət layihədə bir sıra boşluqlar və qeyri-müəyyənliklərin olduğunu bildirərək, onun yenidən işlənməsini məqsədəuyğun sayıb.