Myanmada hücum nəticəsində azı 24 nəfər ölüb
Myanmada keçirilən milli festival zamanı paramotorların kütləyə bomba atması nəticəsində azı 24 nəfər həlak olub, 47 nəfər yaralanıb. Hadisə Thadingyut Festivalı çərçivəsində baş verib.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə oktyabrın 7-də Myanmanın mərkəzində yerləşən Çaunq U şəhərində baş verib. Anti-xunta Xalq Müdafiə Qüvvələrinin (PDF) yerli nümayəndələrinin bildirdiyinə görə, buddist bayramı ilə əlaqədar toplaşan təxminən 100 nəfərlik izdihamın üzərinə paramotordan iki bomba atılıb.
PDF sözçüsü bildirib ki, hücum ehtimalı ilə bağlı əvvəlcədən məlumat daxil olub və etirazçılar aksiyanı vaxtından əvvəl dayandırmağa çalışıblar. Lakin paramotorlar gözlənildiyindən tez gəlib və hücumu həyata keçiriblər.
Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) insidentlə bağlı yayımladığı bəyanatda qeyd edib ki, bu hücum Myanmada xuntanın mülki ərazilərə qarşı artan zorakı tendensiyasının bir hissəsidir. Təşkilat Myanma Silahlı Qüvvələrinin sabit qanadlı təyyarə və helikopter çatışmazlığı səbəbindən getdikcə daha çox paramotorlardan istifadə etdiyini vurğulayıb. Bu vəziyyət son illərdə tətbiq edilən beynəlxalq sanksiyalarla əlaqələndirilir.
Amnesty International-ın Myanma üzrə tədqiqatçısı Co Friman (Joe Freeman) bəyanatında bildirib:
“Bu hücum Myanmadakı mülki əhalinin təcili müdafiəyə ehtiyacı olduğuna dair ciddi xəbərdarlıqdır.”
Hadisənin baş verdiyi zaman aksiyada iştirak edənlər hərbi xuntanın siyasətinə, qarşıdan gələn ümumi seçkilərə və hərbi çağırışlara etiraz edir, eyni zamanda Aunq San Suu Kyi və digər siyasi məhbusların azad edilməsini tələb edirdilər. Aksiya zamanı həmçinin şam yandırma mərasimi də keçirilib.
Xatırladaq ki, Myanmada hərbi çevriliş 2021-ci ildə baş verib və ölkədə vətəndaş müharibəsi həmin vaxtdan bəri davam edir. Hərbi rejim dekabr ayında ilk dəfə olaraq ümumi seçkilər keçirməyi planlaşdırır. Lakin beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları bu seçkilərin azad və ədalətli olmayacağı, əksinə, xuntanın hakimiyyətini legitimləşdirmək üçün vasitəyə çevriləcəyi ilə bağlı narahatlıqlarını bildirirlər.
BMT-nin məlumatına görə, 2021-ci ildən bu günə qədər Myanmada gedən qarşıdurmalarda 5 mindən çox mülki şəxs həyatını itirib.