Rusiyada yəhudi mədəniyyət obyektlərinə hücumların qarşısı alındı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krasnoyarsk və Stavropol diyarlarında yəhudilərin dini obyektlərinə qarşı planlaşdırılan terror hücumlarının qarşısını alıb.
Ajans.az “Kommersant”-a istinadən xəbər verir ki, hücumlar Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları tərəfindən hazırlanıb.
Krasnoyarskda Mərkəzi Asiya ölkələrindən olan iki nəfər şəhərin sinaqoqunda partlayıcı qurğunu işə salmaq istərkən saxlanılıb. Onlara qarşı terror aktının hazırlanması və terror fəaliyyətinə köməklik ittihamı ilə cinayət işi açılıb.
Pyatiqorskda isə yəhudi dini icmasının binasına yanğın törətməyi planlaşdıran Rusiya vətəndaşı həbs edilib. Ondan molotov kokteyli, iki bıçaq və xarici koordinatorla əlaqəni göstərən rabitə avadanlığı götürülüb. Bu faktla bağlı da terror aktı hazırlamaq maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu il mart ayında Moskva vilayətindəki sinaqoqda, avqustda isə Obninskdə yəhudi dini obyektlərinə yönəlmiş terror aktlarının qarşısı alınmışdı.