Məşhur alpinist qayadan yıxılaraq həyatını itirib
ABŞ-ın məşhur Yosemit Milli Parkında yerləşən El Kapitan qaya divarından yıxılan 23 yaşlı alpinist Balin Miller faciəvi şəkildə həlak olub. O, bu yay parkda qeydə alınan üçüncü ölüm hadisəsinin qurbanı olub.
Ajans.az xəbər verir ki,gənc alpinistin ölümünü anası Jeanine Girard-Moorman təsdiqləyib. Onun sözlərinə görə, Balin uşaq yaşlarından dırmaşma ilə məşğul olurdu:
"O, dırmaşmağı sevirdi və bu işi heç vaxt şöhrət və ya maddi gəlir üçün etmədi. Onun ürəyi və ruhu dağa bağlı idi."
Milli Park Xidmətinin məlumatına əsasən, hadisə oktyabrın 1-də — federal hökumətin bağlanmasının ilk günündə baş verib. Bu səbəbdən park ziyarətçilər üçün açıq qalsa da, xidmətlərin və təhlükəsizlik tədbirlərinin məhdud olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir. Parkın gözətçiləri və təcili yardım əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər.
Balin Miller El Kapitanın 2400 fut (təxminən 730 metr) hündürlüyündə yerləşən “Xəyallar Dənizi” adlı çətin marşrutunu təkbaşına və iplə dırmaşan zaman faciə baş verib. Onun böyük qardaşı Dylan Miller-in sözlərinə görə, Balin artıq marşrutu tamamlamaq üzrə idi və son qoruyucu avadanlığını çıxararkən ipdən qoparaq yıxılıb.
Miller alpinistlər arasında istedadı və cəsarəti ilə tanınırdı. O, daha əvvəl Alyaskada yerləşən McKinley (Denali) dağında texniki baxımdan çətin hesab olunan “Slovak Direct” marşrutunu 56 saata təkbaşına dırmaşaraq beynəlxalq aləmdə diqqət qazanmışdı.
Millerin ölümündən iki gün əvvəl TikTok-da canlı yayımda dağa dırmaşdığı görüntüləri bir çox izləyicilər tərəfindən paylaşılıb. Sosial mediada istifadəçilər onu "narıncı çadırlı oğlan" kimi xatırlayıblar.
Bu il Yosemit Milli Parkında baş verən digər ölüm hadisələrinə Texasdan olan 18 yaşlı gəncin kəndirsiz (free solo) dırmaşma zamanı düşməsi və 29 yaşlı qadının gəzinti zamanı başına böyük ağac budağının düşməsi daxildir.