Bomba iddiası: Tramp Putinə qəzəblənib
ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatları və Rusiyanın enerji infrastrukturu hədəflərinə hücumlar təşkil etməsi üçün uzaqmənzilli raket yardımı göstərməyi nəzərdən keçirdiyi bildirilir.
Ajans.az xəbər verir ki,“Wall Street Journal” qəzetinin ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmilərə istinadən yaydığı məlumata görə, Vaşinqton Rusiya-Ukrayna müharibəsində mövqeyini dəyişməyə hazırlaşır. Bildirilir ki, ABŞ prezidenti Donald Tramp ölkənin kəşfiyyat orqanları və Müdafiə Nazirliyinə Ukraynaya dəstək verilməsi, o cümlədən Rusiyanın enerji obyektlərinə uzaqmənzilli raket zərbələri endirilməsi üçün məlumat ötürülməsinə razılıq verib.
Mənbələrə görə, bu, Tramp administrasiyasının Rusiyanın enerji infrastrukturuna qarşı hücumlarda Ukraynaya birbaşa dəstək göstərməsi baxımından ilk belə addım olacaq.
Eyni zamanda, ABŞ tərəfi digər NATO müttəfiqlərinə də oxşar yardım göstərmələri üçün çağırış edib. Vaşinqton Kiyevə “Tomahawk” tipli uzaqmənzilli raketlər göndərmək məsələsini də gündəmdə saxlayır, lakin hələlik bu barədə yekun qərar verilməyib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Axios xəbər platformasına verdiyi müsahibədə ABŞ-dan "Tomahawk" raketləri istədiyini açıqlamışdı.