Reklam resmi
Reklam resmi

Çin məhkəməsi mafioz ailənin 11 üzvünü ölüm cəzasına məhkum edib

Çin məhkəməsi mafioz ailənin 11 üzvünü ölüm cəzasına məhkum edib
Dünya

Çin məhkəməsi, Myanmada yerləşən və genişmiqyaslı dələduzluq şəbəkələri idarə edən Ming ailəsinin 11 üzvünü ölüm cəzasına məhkum edib.

Ajans.az xəbər verir ki,bu barədə Çin dövlət mediası məlumat yayıb.

Ming ailəsi, Myanmanın Çin sərhədinə yaxın Laukkay şəhərində fəaliyyət göstərən və telekommunikasiya fırıldaqları, qeyri-qanuni qumar oyunları, narkotik ticarəti və insan alveri kimi cinayətlərdə ittiham olunan dörd əsas kriminall klanlardan biri hesab olunur.

Şərqi Çinin Vençjou şəhərində keçirilən məhkəmə prosesində Ming ailəsinin ümumilikdə 39 üzvü mühakimə olunub. Onlardan 11 nəfərə ölüm hökmü, 11 nəfərə ömürlük həbs cəzası, beş nəfərə isə iki il müddətinə təxirə salınan edam hökmü verilib. Qalan şəxslər 5 ildən 24 ilə qədər azadlıqdan məhrum edilib.

Məhkəmə müəyyən edib ki, 2015-ci ildən bu yana ailə üzvləri onlayn fırıldaqçılıq mərkəzləri vasitəsilə 10 milyard yuandan (təxminən 1,4 milyard ABŞ dolları) çox gəlir əldə ediblər. Ming ailəsi ilə yanaşı digər cinayətkar qrupların da bu mərkəzlərdə fəaliyyəti nəticəsində işçilərin ölümü, zorakılıq və qanunsuz saxlanma halları baş verib.

Laukkay şəhəri son illərdə qeyri-qanuni kazinolar, çirkli pulların yuyulması və insan alveri üçün əsas mərkəzə çevrilmişdi. BMT bu bölgəni "qlobal fırıldaqçılıq sənayesinin idarəetmə mərkəzi" adlandırır. Burada əsasən Çin vətəndaşlarından ibarət olan 100 mindən çox insan qanunsuz şəkildə saxlanılır, uzun saatlarla işləməyə məcbur edilirdi.

Ailə, xüsusilə "Crouching Tiger Villa" adlı mərkəzdə sərt və amansız idarəçiliyi ilə tanınırdı – burada işçilərin döyüldüyü və işgəncələrə məruz qaldığı iddia olunur.

2023-cü ildə Myanma hakimiyyəti Ming ailəsinin bir çox üzvünü həbs edərək Çin səlahiyyətlilərinə təhvil verib. Ailə başçısı Ming Xuechang isə ələ keçmədən əvvəl özünü öldürüb. Təslim edilən bəzi ailə üzvləri istintaq zamanı peşmanlıq ifadə edən etiraflar veriblər.

Çin hakimiyyəti həmçinin fırıldaq mərkəzlərində çalışdırılan minlərlə işçini də ölkəyə geri gətirib. Bu, Pekinin transsərhəd fırıldaqçılıqla mübarizədə sərt mövqeyini nümayiş etdirən nümunələrdən biri kimi qiymətləndirilir.

Beynəlxalq təzyiqlər nəticəsində Tayland və digər qonşu ölkələr də fırıldaqçılıq mərkəzlərinə qarşı tədbirlər görməyə məcbur olub. Bununla belə, cinayətkar şəbəkələr fəaliyyətlərini Kamboca kimi digər bölgələrə köçürməklə fəaliyyətlərini davam etdirirlər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin mafioz

Digər Xəbərlər