Microsoft, İsrail ordusunun süni intellekt xidmətlərinə çıxışını məhdudlaşdırdı
Amerika texnologiya nəhəngi Microsoft, İsrail ordusunun fələstinlilərə qarşı kütləvi müşahidə fəaliyyətlərində şirkətin Azure bulud platformasından istifadə etməsinin xidmət şərtlərini pozduğunu bildirərək, Müdafiə Nazirliyinə bağlı bəzi bölmələrin xidmətlərinə məhdudiyyət tətbiq etdiyini açıqlayıb.
Ajans.az xəbər verir ki,bu barədə Microsoft-un sədr müavini və prezidenti Brad Smith rəsmi bloq yazısında məlumat verib.
Smith qeyd edib ki, bu qərar The Guardian, +972 Magazine və ivrit dilli Local Call nəşrlərinin 6 avqust tarixində dərc etdiyi birgə araşdırmadan sonra verilib. Araşdırmada iddia olunurdu ki, İsrail ordusunun 8200 saylı elit kiberkəşfiyyat bölməsi Qəzza və işğal altındakı İordan çayının qərb sahilində milyonlarla fələstinliyə aid telefon danışıqları, şəxsi məlumatlar və digər siqnal kəşfiyyatını Microsoft-un Azure platformasında saxlayıb və təhlil edib.
Jurnalist araşdırmalarına əsasən, bu əməkdaşlıq 2021-ci ildə Microsoft-un baş direktoru Satya Nadella ilə 8200-cü bölmənin rəhbəri Yossi Sariel arasında baş tutmuş görüşdən sonra intensivləşib. 2022-ci ildən etibarən isə 8200-cü bölmə Azure-un demək olar ki, məhdudiyyətsiz yaddaş və hesablama gücündən istifadə edərək genişmiqyaslı məlumat toplama və analiz işləri aparıb.
Hesabatda həmçinin bildirilir ki, fələstinlilərlə bağlı məlumatların böyük hissəsi Hollandiya və İrlandiyada yerləşən Azure serverlərində saxlanılıb. Bu məlumatların bəzilərinin İsrailin hava zərbələrinin planlaşdırılması və işğal olunmuş ərazilərdə hərbi əməliyyatların idarə olunmasında istifadə edildiyi qeyd olunur.
Brad Smith-in sözlərinə görə, Microsoft məsələni iki əsas prinsip əsasında qiymətləndirib:
“Birincisi, biz texnologiyamızı mülki şəxslərin kütləvi şəkildə izlənilməsi üçün təqdim etmirik. Bu prinsip bütün ölkələrə aiddir və biz artıq 20 ildir bu siyasətə sadiqik.
İkincisi, biz müştərilərimizin məxfilik hüquqlarını qorumağa sadiqik”, – deyə o bildirib.
Microsoft-un bu qərarı, texnoloji şirkətlərin dövlət struktularına təqdim etdikləri süni intellekt və bulud texnologiyalarının insan hüquqları və beynəlxalq hüquq kontekstində istifadəsi ilə bağlı artan qlobal narahatlıqlar fonunda verilib.