Təyyarə qəzasında həlak olanların ailələri şirkətlərini məhkəməyə verib
İyun ayında Hindistanda baş verən faciəli təyyarə qəzasında həyatını itirən Air India 171 reysinin dörd sərnişinin ailələri ABŞ-da məhkəmə iddiası qaldırıblar. Onlar təyyarənin istehsalçısı Boeing və hissə təchizatçısı Honeywell şirkətlərini səhlənkarlıqda ittiham edirlər.
Ajans.az BBC-ə istinadən xəbər verir ki, iddiada qəzanın səbəbi kimi səhv yanacaq açarları göstərilir və şirkətlər bu dizayn qüsurundan xəbərdar olmalarına baxmayaraq təhlükənin qarşısını almaq üçün heç bir addım atmamaqda günahlandırılır.
London Gatwick hava limanına uçan Boeing 787 Dreamliner tipli təyyarə Hindistanın Əhmədabad şəhərindən qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 229 sərnişin, 12 kabin heyəti və yerdə olan 19 nəfər daxil olmaqla cəmi 260 nəfər həyatını itirib.
Hindistanın Təyyarə Qəzalarının Təhqiqat Bürosunun (AAIB) ilkin araşdırmasına görə, qəza zamanı yanacaq açarlarından biri "qaçış" rejimindən səhvən "kəsmə" rejiminə keçirilib, nəticədə təyyarənin mühərriklərinə yanacaq verilişi dayanıb. Bu, təyyarənin havada qalması üçün zəruri olan gücün tamamilə itirilməsinə səbəb olub.
İddiada qeyd olunur ki, həm Boeing, həm də Honeywell bu risklərdən xəbərdar idilər. Xüsusilə, 2018-ci ildə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) yanacaq açarlarının kilidləmə mexanizminin yoxlanmasını tövsiyə etsə də, bu barədə heç bir məcburi göstəriş verməyib. Ailələr bildirirlər ki, bu tövsiyələr qəzanın qarşısını almaq üçün kifayət etməyib və şirkətlər problemin həllinə dair heç bir konkret tədbir görməyiblər.
İddiaçılar həmçinin şirkətlərin nə hava yollarını kifayət qədər xəbərdar etdiyini, nə də təhlükəli hissələrin əvəzlənməsi üçün ehtiyat hissələri təqdim etdiyini bildirirlər. Texas ştatında yerləşən Lanier Hüquq Firması tərəfindən təmsil olunan ailələr, şirkətlərin sadəcə tövsiyələrlə kifayətlənməsini qəbuledilməz sayır.
Boeing və Honeywell hələlik məsələ ilə bağlı ictimai şərh verməyiblər. Boeing, BBC-yə cavab olaraq, Hindistanın AAIB tərəfindən hazırlanacaq daha geniş hesabatın 2026-cı ildə yayımlanacağını bildirib.