Reklam resmi
Reklam resmi

On Qəzzalı uşaq müalicə üçün Böyük Britaniyaya gətirildi

On Qəzzalı uşaq müalicə üçün Böyük Britaniyaya gətirildi
Dünya

Böyük Britaniya hökuməti təsdiqləyib ki, bir qrup ağır xəstə uşaq tibbi yardım üçün Qəzzadan ölkəyə gətirilib. Bu, hökumət tərəfindən koordinasiya olunan xüsusi proqram çərçivəsində baş tutan ilk təxliyədir.

Ajans.az BBC-ə istinadən xəbər verir ki, 10 uşaq və onları müşayiət edən 50 nəfərlik qrup tibbi səbəblərlə Qəzzadan təxliyə olunub. Təxliyə edilmiş uşaqlar İngiltərə Milli Səhiyyə Xidməti (NHS) tərəfindən müalicə alacaqlar.

Bazar ertəsi artıq iki ağır xəstə uşaq və ailələri Şotlandiyaya çatdırılıb. Hökumət bildirib ki, ailələrin ölkədə olduğu müddətdə “müvafiq sosial və tibbi dəstək” göstəriləcək.

Təxliyə əməliyyatı Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Səhiyyə Departamenti tərəfindən birgə təşkil olunub. Yaxın həftələrdə daha çox uşağın Britaniyaya gətirilməsi planlaşdırılır.

Səlahiyyətlilər bildiriblər ki, uşaqlar və yaxın ailə üzvləri əvvəlcə Qəzzadan İordaniyaya təxliyə olunub və təhlükəsizlik yoxlamalarından keçdikdən sonra Britaniya səfirliyinin əməkdaşlarının müşayiəti ilə İngiltərəyə gətiriliblər.

Təhlükəsizlik və şəxsi məlumatlara hörmət olaraq, təxliyə olunanların kimliyi açıqlanmır.

Böyük Britaniyanın Xarici İşlər Naziri Yvette Cooper, Qəzzadakı səhiyyə sisteminin "dağıldığını və xəstəxanaların artıq işləmədiyini" vurğulayaraq, müalicəyə təcili ehtiyac duyan uşaqlara yardımın zəruriliyini qeyd edib.

Səhiyyə naziri Wes Streeting isə deyib:

“Hər bir uşaq sağalmaq, oynamaq və gələcək üçün xəyal qurmaq şansına layiqdir. Bu gənc pasiyentlər heç bir uşağın görməməli olduğu dəhşətlərin şahidi olublar, lakin bu səfər onların sağalma yolunda atdığı ilk addımdır. Bu, NHS-in mərhəmət, peşəkarlıq və insanlıq dəyərlərinin təcəssümüdür.”

BMT-nin dəstəklədiyi beynəlxalq orqanların məlumatına əsasən, bölgədə artıq rəsmi olaraq qıtlıq elan edilib. Son döyüşlər və artan hücumlar fonunda mülki əhali daha da dərin fəlakətə sürüklənir.

İsrail ordusu çərşənbə axşamı Qəzzaya quru hücumunu genişləndirib. Həmin gün BMT-nin müstəqil araşdırma komissiyası İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımı törətdiyini bəyan edib. İsrail Xarici İşlər Nazirliyi bu hesabatı “yalan və təhrif olunmuş” adlandıraraq, kəskin şəkildə rədd edib.

Qeyd edək ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən təşkil edilən, 1200-ə yaxın israillinin ölümü və 251 nəfərin girov götürülməsi ilə nəticələnən hücuma cavab olaraq başlayıb.

Qəzzanın HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinə görə, bu hərbi kampaniya nəticəsində indiyədək ən azı 64 964 nəfər həlak olub, onların təxminən yarısı qadın və uşaqlardır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qəzza Böyük Britaniya

Digər Xəbərlər