Puqaçova müsahibəsinə görə 1,5 milyard rubl təzminatla üz-üzə qaldı
Dudayevi təriflədiyi və veteranları təhqir etdiyi iddia olunur.Tanınmış müğənni Alla Puqaçova, jurnalist Katerina Qordeyevanın “Skaji Gordeeva” layihəsinə verdiyi müsahibəyə görə məhkəməyə verilib.
Ajans.az Shot Telegram kanalına istinadən xəbər verir.
Məlumata görə, vəkil Aleksandr Treşçev Puqaçovanın müsahibəsində Çeçenistan-İnquşetiyanın birinci prezidenti Coxar Dudayevi tərifləməsini əsas gətirərək ona qarşı 1,5 milyard rubl məbləğində maddi təzminat iddiası qaldırıb. Treşçev iddia edir ki, müğənni eyni zamanda hərbi əməliyyatlar veteranlarını da təhqir edib.
Treşçevin sözlərinə görə, əgər iddia təmin olunarsa, əldə edilən vəsait tamamilə veteranların ehtiyaclarına yönəldiləcək. Vəkil öz payı üçün isə simvolik olaraq cəmi 1 rubl tələb etdiyini bildirib.
Qeyd edək ki, Katerina Qordeyeva Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb.
Alla Puqaçova 10 sentyabrda yayımlanan həmin müsahibəsində Coxar Dudayevi “layiqli və şərəfli insan” adlandırmış və onun üçün heç nə edə bilmədiyi üçün təəssüfləndiyini bildirmişdi.
Xatırladaq ki, Coxar Dudayev 1991-ci ildə Çeçenistan-İnquşetiyanın prezidenti seçilmiş və ilk fərmanlarından biri ilə İçkeriya Respublikasının müstəqilliyini elan etmişdi. O, 1996-cı ildə Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində həlak olmuşdu.