Qlobal media qurumları İsrailin Qəzzada jurnalistləri öldürməsinə etiraz edir
Dünyanın aparıcı media orqanları İsraildən Qəzzada jurnalistlərin öldürülməsini dayandırmağı və beynəlxalq mətbuata anklavda sərbəst işləməyə icazə verməyi tələb etmək üçün genişmiqyaslı etiraz aksiyası keçirir.
Ajans.az CNN-ə istinadən xəbər verir ki,etiraz Sərhədsiz Reportyorlar (RSF), Avaaz və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) tərəfindən koordinasiya olunur. Təşkilatçıların açıqlamasına görə, 50 ölkədən 200-ə yaxın nəşr aksiyaya qoşulacaq: qəzetlər qaralmış ön səhifələrlə çıxacaq, televiziya və radio kanalları proqramlarını dayandıracaq, onlayn media isə ana səhifələrini xüsusi mesajlarla dəyişəcək.
IFJ-in məlumatına əsasən, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada azı 210 jurnalist həlak olub. Bu göstərici münaqişəni müasir dövrdə jurnalistlər üçün ən ölümcül toqquşmaya çevirib. Eyni zamanda, İsrail beynəlxalq medianın Qəzzada sərbəst reportaj hazırlamasına icazə vermir, fələstinli jurnalistlər isə tez-tez atəş altında qalır.
RSF-nin baş direktoru Tibot Bruttin bildirib:
“Qəzzada jurnalistlərin İsrail ordusu tərəfindən öldürülmə sürəti o qədər yüksəkdir ki, tezliklə dünyanı məlumatlandıracaq heç kim qalmaya bilər. Bu, təkcə Qəzzaya qarşı müharibə deyil, həm də jurnalistikaya qarşı müharibədir”.
Etiraz aksiyası bir sıra tanınmış fələstinli jurnalistlərin öldürülməsindən sonra təşkil olunub. Avqustun əvvəlində İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində Əl-Cəzirə telekanalının beş əməkdaşı, o cümlədən bölgənin ən tanınmış reportyorlarından biri – Ənəs Əl-Şərif həlak olub.
Bundan əlavə, keçən həftə İsrailin Xan Yunisdəki Nasser xəstəxanasına ardıcıl endirdiyi zərbələr nəticəsində daha beş jurnalist həyatını itirib. CNN-in əldə etdiyi eksklüziv görüntülər ikinci zərbənin əslində eyni vaxtda endirilmiş iki raket zərbəsi olduğunu göstərib.
İsrailin Baş naziri Benyamin Netanyahu bu hadisəni “faciəli qəza” kimi qiymətləndirib.