Ukraynanın vilayətinə ilk irimiqyaslı hücum: tərəflərin ziddiyyətli açıqlamaları
Ukrayna Rusiya Strateji Qoşunlar Qrupundan Viktor Trehubov BBC-yə bildirib ki, bu, Dnepropetrovsk vilayətində indiyədək qeydə alınan ilk irimiqyaslı hücumdur.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,Rusiya yay boyunca bölgəyə daxil olduğunu iddia edib. Onun məqsədi Donetsk istiqamətindən Ukrayna ərazisinə daha dərindən irəliləmək olub. İyunun əvvəlində Moskva rəsmiləri Dnepropetrovskda hücuma başlandığını açıqlasalar da, Ukrayna tərəfi bununla razılaşmır. Kiyevin son məlumatına görə, rus qoşunları regional sərhədi demək olar ki, keçiblər.
“DeepState” xəritəçəkmə layihəsi Rusiyanın bölgədə iki kəndi – Zaporizke və Novohryhorivkanı işğal etdiyini qeyd edib. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu iddiaları təkzib edib. Rəsmi açıqlamaya görə, Zaporizke üzərində nəzarət saxlanılır, Novohryhorivka istiqamətində isə ağır döyüşlər davam edir.
Moskva Dnepropetrovsk vilayətinə rəsmi ərazi iddiası irəli sürməyib. Buna baxmayaraq, Rusiya ordusu vilayətin böyük şəhərlərini, o cümlədən regional paytaxt Dnepri hədəfə alıb. Çərşənbəyə keçən gecə hücum Poltava bölgəsindəki enerji infrastrukturuna da zərbə vurub.
Müharibədən əvvəl Dnepropetrovskda üç milyondan çox əhali yaşayırdı. Bu region Donbasdan sonra Ukraynanın ikinci ən iri sənaye mərkəzi sayılırdı.
Rusiya son aylarda Donetskdə müəyyən irəliləyiş əldə etsə də, ərazilərin işğalı ağır itkilər hesabına baş verir. İyunun əvvəlində kiçik rus piyada dəstəsi Dobropillia yaxınlığında Ukrayna müdafiə xəttini yararaq 10 km irəliləmişdi. Lakin sonradan onların hərəkətinin dayandırıldığı bildirilir.
Diplomatik cəhdlər də dalana dirənib. ABŞ prezidenti Donald Trampın Alyaskada Vladimir Putinlə, daha sonra Vaşinqtonda Vladimir Zelenski ilə görüşünə baxmayaraq, sülh prosesinin perspektivləri zəif görünür.
Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, mümkün zirvə görüşünün gündəliyi hələ hazır deyil və rəsmi plan mövcud deyil. O, həmçinin Rusiyanın iştirakı olmadan təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları “mənasız” adlandırıb.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas isə xəbərdarlıq edib ki, Ukrayna ərazilərinin güzəştə gedilməsi “tələ” ola bilər: “Biz unutmamalıyıq ki, təcavüzkar Rusiyadır və o, indiyədək heç bir güzəştə getməyib”.
Almaniya kansleri Fridrix Merz də bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatları ilk növbədə ordunun uzunmüddətli müdafiə qabiliyyətini gücləndirməlidir. Onun sözlərinə görə, Zelenski Putinlə danışıqlara hazır olduğunu bildirib, indi növbə Moskvadadır.
Digər tərəfdən, Ukrayna hökuməti 18–22 yaşlı kişilərin xaricə çıxışına qoyulan məhdudiyyətləri yumşaldıb. Baş nazir Yuliya Svırıdenko deyib ki, bu dəyişiklik hazırda ölkə hüdudlarından kənarda olanları da əhatə edir. Onlar istəsələr, Ukraynaya qayıdıb yenidən ölkəni tərk edə biləcəklər.
Hazırda ölkədə 18–22 yaş arası kişilər hərbi xidmətə çağırılmır. Minimum çağırış yaşı ötən il 25-ə qaldırılmışdı.