Nigeriyada 76 girov azad edilib
Nigeriya ordusunun şimal-qərbdə keçirdiyi dəqiq hava əməliyyatları nəticəsində uşaqlar da daxil olmaqla ən azı 76 girov azad edilib. Bu barədə Katsina əyalətinin daxili təhlükəsizlik komissarı Nasir Muazu məlumat verib.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, əməliyyat şənbə günü səhər saatlarında Kankara bölgəsindəki Pauva təpəsi ətrafında həyata keçirilib. Hədəf isə bölgədə adam oğurluğu ilə məşğul olan silahlı dəstələr olub.
Azad edilənlər arasında Unquvan Mantaudakı məscidə edilən hücum zamanı oğurlanan şəxslər də var. Həmin hücumda azı 50 nəfər həlak olmuşdu. Komissar bildirib ki, əməliyyat zamanı təəssüf ki, bir uşaq həyatını itirib.
Son aylarda Nigeriyanın şimal-qərb və şimal-mərkəzi bölgələrində silahlı hücumların artdığı müşahidə olunur. Keçən ay ölkənin şimal-mərkəzində baş verən hücumda 150 nəfər öldürülmüşdü. Analitiklərin fikrincə, çoban qruplarının daha müasir silahlar əldə etməsi zorakılığın artmasına səbəb olub.
Muazu qeyd edib ki, hava zərbələri “cinayətkar şəbəkələri zəiflətmək və dinc əhalini qətl, adam oğurluğu və qəsbdən qorumaq üçün geniş strategiyanın bir hissəsidir”.
BMT-nin məlumatına görə, Nigeriya həmçinin ölkənin şimal-şərqində üsyançı qruplarla mübarizə aparır. Bu qarşıdurma nəticəsində indiyədək 35 min nəfər ölüb, 2 milyondan çox insan isə didərgin düşüb.
Hökumətin səylərinə baxmayaraq, yaraqlı hücumları davam edir. Şənbə günü keçirilən ayrıca bir əməliyyatda daha 35 silahlı dəstə üzvü məhv edilib.