İxtisas seçiminin nəticələri ELAN EDİLDİ
Ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.
Ajans.az xəbər verir ki, ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri elan olunub.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatıb.
86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.
Qeyd edək ki, abituriyentlər bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya DİM-in saytında şəxsi kabinetə daxil olaraq nəticələrini öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edənlərdən 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Qeyd edək ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib. Bundan əlavə, 569 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 107 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.