Qazaxıstanda kişi hamilə arvadını ata bağlayaraq vəhşicəsinə öldürüb
Qazaxıstanda 32 yaşlı hamilə qadın iki yaşlı qızının gözü qarşısında həyat yoldaşı tərəfindən qəddarlıqla qətlə yetirilib.
Ajans.az El.kz-na istiandən xəbər verir ki, yerli sahibkar olan kişi əvvəlcə həyat yoldaşını döyüb, daha sonra onu ata bağlayaraq bir neçə saat çöldə sürüyüb. Qadın aldığı ağır xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Məhkəmə-tibbi ekspertiza qadının bədənində çoxsaylı hematom və qançırlar, beyin ödemi, kəllə və əzaların sınıqları, eləcə də sürünmə nəticəsində geniş dəri zədələnmələri aşkar edib.
Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb. Ona qarşı “səhlənkarlıqdan ölümlə nəticələnən sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi üzrə cinayət işi açılıb.
Məlumata görə, şübhəli uğurlu iş adamıdır və böyük at sürüsünə sahibdir. Qətliamın şahidi olan iki yaşlı qızın psixoloji vəziyyəti ağırdır – o, danışmır, tez-tez ağlayır və anasını çağırır.
Qeyd edək ki, bundan əvvəl həmin kişinin boşanmadan bir həftə əvvəl həyat yoldaşının yeni münasibətdə olduğu şəxsi bıçaqladığı bildirilmişdi.