Yerli parfüm brendləri- HANSI DAHA KEYFİYYƏTLİDİR…
Azərbaycanda parfüm istehsalı son illərdə həm yerli bazarda, həm də beynəlxalq ticarətə inteqrasiya istiqamətində uğurlu inkişaf edir. Lakin bəzi yerli parfüm istehsalçıları ucuz və sərfəli qiymət adı altında tərkibi məlum olmayan, saxta ətirləri müştərilərə təqdim edirlər. Parfümlərin tərkibi laboratoriya şəraitində sınaqdan keçirilməli və insan sağlamlığına zərər verməməsi üçün xüsusi testlər ilə yoxlanmalıdır. Həmçinin, aidiyyəti üzrə dövlət qurumlarının nəzarəti altında istehsal edilən hər bir kosmetik məhsul sertifikatlaşdırılmalı və standartlara uyğunluğu təsdiq edilərək, cəmiyyətə çatdırılmalıdır.
Ajans.az olaraq, ölkədə parfüm istehsal edən yerli brendlərdən bəziləri ilə əlaqə saxladıq. Hər birinə brend haqqında ətraflı məlumat üçün sorğular göndərdik. Həmin parfüm mağazalarından “ İydə Parfüm” , “ Azari” , “Soel” , suallarımızı cavablandırmadı.
Lakin “ Ətirşah Parfüm” və “ Lindo parfüm” şəbəkələri ünvanladığımız suallara cavab verib.
Ajans.az sizlərə həmin sual-cavabları təqdim edir:
LİNDO PARFÜM
1) Siz parfümlərinizi əsasən, harada istehsal edirsiniz?
Əsasən, böyük hissəsi Türkiyədə istehsal olunur.
2) Parfümlərinizin xammalı hansı ölkədən alınır?
Xammal əsasən Fransa və Türkiyədən təmin edilir.
3) Fəaliyyətinizi təsdiq edəcək sertifikatınız varmı?
Bəli, fəaliyyətimizi təsdiq edən rəsmi sertifikatımız mövcuddur. Daha ətraflı “ lindoparfum” rəsmi İnstagram hesabımızdan əldə etmək olar.
4) Hansı dövlət qurumu sizin istehsal etdiyiniz məhsulların keyfiyyətinə təminat verir?
Məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi və Standartlaşdırma üzrə dövlət qurumları tərəfindən nəzarət olunur.
5) Məhsulların qablaşdırması harada həyata keçirilir?
Qablaşdırma prosesi Azərbaycanda həyata keçirilir.
6) Məhsullarınızın qiymətlərini necə tənzimləyirsiniz və hansı standartla qiymətlər müəyyən edirsiniz?
Qiymətlər bazar araşdırması və keyfiyyət standartlarına uyğun şəkildə müəyyən edilir.
7) Nisbətən bahalı hesab edilən parfümlərinizin insan orqanizminə zərrə verməməsi barədə rəsmi təminat verirsinizmi?
Bəli, məhsullarımız rəsmi olaraq, sağlamlığa zərərsizdir.
8) Hazırlanma prosesində insan sağlamlığına zərər verilməməsi üçün hansı təhlükəsizlik tədbirlərini görürsünüz?
İstehsalda təhlükəsizlik qaydalarına ciddi riayət olunur və yalnız sertifikatlı xammaldan istifadə edilir.
ƏTİRŞAH PARFÜM
“Ətirşah Parfüm”
1) Siz parfümlərinizi əsasən, harada istehsal edirsiniz?
Parfümlərimizin istehsalı əsasən ölkə daxilində – Azərbaycanın özündə həyata keçirilir. “Made in Azerbaijan” brendi altında təqdim edilən məhsullarımız yerli istehsal gücümüzün və milli dəyərlərə bağlılığımızın göstəricisidir.
2) Parfümlərinizin xammalı hansı ölkədən alınır?
Əsas xammallarımız dünyanın aparıcı parfümeriya mərkəzlərindən – Fransa, İsveçrə və İngiltərədən gətirilir. Bununla yanaşı, bəzi komponentlər digər Avropa ölkələrindən də təmin olunur.
3) Fəaliyyətinizi təsdiq edəcək sertifikatınız varmı?
Bəli. Şirkətimiz beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində onların rəsmi sertifikatlarına malikdir. Həmçinin, ölkə daxilində də müvafiq keyfiyyət sertifikatları əldə etmişik.
4) Hansı dövlət qurumu sizin istehsal etdiyiniz məhsulların keyfiyyətinə təminat verir?
Məhsullarımızın keyfiyyətinə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları, xüsusilə də Standartlaşdırma və Metrologiya Komitəsi tərəfindən nəzarət olunur.
5) Məhsulların qablaşdırması harada həyata keçirilir?
Qablaşdırma prosesi əsasən Bakıda yerləşən xüsusi istehsal və dizayn mərkəzimizdə aparılır. Burada milli ornamentlərə üstünlük verilir və xüsusi dizaynlı qablaşmalar hazırlanır.
6) Məhsullarınızın qiymətlərini necə tənzimləyirsiniz və hansı standartla qiymətlər müəyyən edirsiniz?
Qiymət siyasətimiz bazarın reallıqlarına uyğun olaraq formalaşdırılır. Məhsulların maya dəyəri, xammalın gətirilmə xərcləri və beynəlxalq standartlar nəzərə alınmaqla qiymətlər tənzimlənir. Hədəfimiz həm keyfiyyətli, həm də əlçatan məhsullar təqdim etməkdir.
7) Nisbətən bahalı hesab edilən parfümlərinizin insan orqanizminə zərər verməməsi barədə rəsmi təminat verirsinizmi?
Bəli. Bahalı seqmentə daxil olan məhsullarımız da beynəlxalq standartlara uyğun laboratoriyalarda test edilir və sağlamlıq üçün zərərsizliyi rəsmi sənədlərlə təsdiqlənir.
8) Hazırlanma prosesində insan sağlamlığına zərər verilməməsi üçün hansı təhlükəsizlik tədbirlərini görürsünüz?
İstehsal prosesində bütün işlər gigiyenik qaydalara uyğun aparılır. Xammalın saxlanma şəraiti, laboratoriyada yoxlanması və istehsal zamanı işçi təhlükəsizliyi tam təmin olunur.
9) Parfümü istehsal etdiyiniz, hazırladığınız məkanla bağlı foto-video təqdim edə bilərlərmi?
Bəli, istehsal və qablaşdırma məkanlarımızla bağlı daha ətraflı foto və video materialları https://www.etirsah.com/az/category saytından əldə edə bilərlər. Bu, həm şəffaflığımızın, həm də istehsal prosesi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının göstəricisidir.