Reklam resmi
Reklam resmi

ABŞ-da “zombi dələləri” aşkar olundu

ABŞ-da “zombi dələləri” aşkar olundu
Dünya

ABŞ-ın bir sıra ştatlarında və Kanadanın müxtəlif bölgələrində qeyri-adi görünüşlü boz dələlər müşahidə olunub. Onların bədənində irinli, ziyilə bənzər şişlər, tüksüz ləkələr və axıntılı yaralar aşkarlanıb. Yerli sakinlər bu heyvanları “zombi dələləri” adlandırıblar.

Ajans.az New York Post-a istinadən xəbər verir ki, söhbət dələ fibromatozundan gedir. Bu, leporipoxvirusun yaratdığı viral dəri xəstəliyidir. Virus yoluxmuş və sağlam dələlər arasında birbaşa təmasla, məsələn, yaralar və ya tüpürcək vasitəsilə ötürülür. Xəstəlik adətən bir neçə həftə ərzində öz-özünə keçib gedir, lakin ağır hallarda daxili orqanlara təsir göstərərək ölümlə nəticələnə bilər.

Men ştatının Daxili Balıqçılıq və Vəhşi Təbiət Departamentinin nümayəndəsi Şevenell Uebb bildirib ki, “zombi dələləri” insanlara, ev heyvanlarına və quşlara təhlükə yaratmır:

“Bu, təbiətdə baş verən təbii prosesdir. İnsanların onlardan qorxmasına ehtiyac yoxdur. Sadəcə heyvanları öz axarına buraxmaq lazımdır”.

Onun sözlərinə görə, virusun yayılmasına çox vaxt quş bəsləyiciləri səbəb olur. Yoluxmuş dələ qidalandırıcıda tüpürcək və ya maye buraxdıqda digər heyvanlar da virusa məruz qala bilər.

Adətən şişlər 4–8 həftə ərzində itir. Mütəxəssislər xəstə görünən dələlərə yaxınlaşmamağı və onları tutmağa çalışmamağı tövsiyə edirlər.

Qeyd edək ki, oxşar hallar bu yaxınlarda Koloradoda da qeydə alınıb. Burada pambıqquyruq dovşanlarda papilloma virusu səbəbindən başlarının ətrafında qara, çadıra bənzər şişlər əmələ gəlib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Kanada

Digər Xəbərlər