Reklam resmi
Reklam resmi

Alimlər pomidorun kartofun “anası” olduğunu müəyyənləşdiriblər

Alimlər pomidorun kartofun “anası” olduğunu müəyyənləşdiriblər
Dünya

Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, təxminən 9 milyon il əvvəl baş verən qədim genetik hibridləşmə dünyanın ən mühüm kənd təsərrüfatı bitkilərindən biri olan kartofun yaranmasına səbəb olub. Sən demə, pomidor kartofun “ana valideyni” imiş.

Ajans.az Cell jurnalına istinadən xəbər verir ki,tədqiqatçılar 56 vəhşi növ və becərilən kartof sortlarından ümumilikdə 101 genom nümunəsi və 349 təkrar nümunə təhlil ediblər. Araşdırma nəticəsində bütün kartoflarda həm pomidor, həm də Etuberosumdan sabit genetik töhfələr olduğu müəyyən edilib.

Tədqiqat Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının Şençjendəki Kənd Təsərrüfatı Genomikası İnstitutu, Lanzhou Universiteti, eləcə də Kanada və Böyük Britaniyadan alimlərin birgə işi nəticəsində aparılıb. Nəticələr göstərib ki, müasir kartof bitkisi pomidor ilə “Etuberosum” adlı, kök yumrusu olmayan kartofa bənzər bir bitkinin hibridindən yaranıb.

Genetik analiz göstərib ki, pomidor və Etuberosum təxminən 14 milyon il əvvəl fərqlənməyə başlayıb, 5 milyon il sonra isə hibridləşərək təxminən 9 milyon il əvvəl ilk kök yumrulu kartof bitkilərinin yaranmasına səbəb olub.Alimləri ən çox düşündürən məqam isə odur ki, hər iki valideyn növündə kök yumru yoxdur, lakin hibrid olan kartof bu xüsusiyyəti qazanıb. Araşdırma göstərib ki, kök yumruların əmələ gəlməsi təsadüfi genom yenidənqurulması nəticəsində baş verib. Bu prosesdə kök yumru əmələ gəlməsini idarə edən əsas SP6A geni pomidordan, yeraltı gövdələrin böyüməsini təmin edən IT1 geni isə Etuberosumdan miras qalıb.

Kök yumru kartofa sərt iqlim şəraitində yaşamağa, su və nişasta ehtiyatı toplamağa, həmçinin toxum olmadan çoxalmağa imkan verib. Bu xüsusiyyət kartofun müxtəlif iqlim və coğrafi şəraitlərə uyğunlaşmasını asanlaşdırıb və onun növ müxtəlifliyinin artmasına təkan verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
pomidor kartof

Digər Xəbərlər