Howard Stern-in SiriusXM-də gələcəyi qeyri-müəyyən olaraq qalır
Radio aparıcısı Howard Stern, SiriusXM-dəki gələcəyi ilə bağlı qeyri-müəyyənliklə üz-üzədir.
Ajans.az xəbər verir ki,71 yaşlı məşhur aparıcının beşillik, 500 milyon dollarlıq müqaviləsi başa çatmaq üzrədir və onun platformada qalıb-qalmayacağı hələ bəlli deyil.
The Daily Mail-in məlumatına görə, danışıqlarla tanış mənbələr bildiriblər ki, Stern maliyyə baxımından uyğun təklif alacağı təqdirdə 1-2 illik qısamüddətli müqaviləyə razı ola bilər. Bununla belə, o, SiriusXM ilə yollarını tamamilə ayırmağı da nəzərdən keçirir.
“Maliyyə şərtləri uyğun olarsa, o, qısamüddətli müqavilə imzalamağa açıqdır. Stern komandası ilə bu qeyri-müəyyənlik vəziyyətini uzatmaq istəmir,” – deyə mənbə bildirib.
Başqa bir mənbənin sözlərinə görə, Stern hazırda platformadan ayrılmaq variantını da ciddi şəkildə dəyərləndirir.
Howard Stern SiriusXM-ə 2006-cı ildə keçərək burada “The Howard Stern Show” proqramının ikinci dövrünü başlamışdı. Uzun illər platformanın əsas simalarından biri olaraq qalmış aparıcı, özünəməxsus tərzi və cəsarətli sualları ilə mediada dominant fiqur kimi tanınıb.
Son illərdə isə Stern ictimaiyyətlə təması itirmiş biri kimi təsvir olunur. Siyasi baxışlarında dəyişikliklər, “oyanmış” mədəniyyətə dəstək verməsi və keçmiş prezident Co Bayden, eləcə də Kamala Harris kimi siyasi fiqurlarla apardığı müsahibələr onun imicində dəyişiklik yaradıb. Halbuki, karyerasının əvvəlində o, Respublikaçı mövqelərinə daha yaxın idi.