Neftin qiyməti aşağı DÜŞÜB
Dünya bazarında neftin qiyməti bir gündə 10 faiz ucuzlaşıb.
Ajans.az xəbər verir ki, "London ICE" birjasının məlumatlarına görə, son 24 saat ərzində Brent və WTI markalı xam neftin qiyməti İran və İsrail arasında münaqişənin qaynar mərhələsinin bitəcəyi və Hörmüz boğazının bağlanması təhlükəsinin aradan qalxacağı gözləntiləri fonunda on faiz ucuzlaşıb.
Avqust Brent fyuçerslərinin qiyməti bir barelə görə 68 dollara yaxınlaşıb, WTI isə 65 dollara düşüb. Həftənin əvvəlində Brent markalı neftin qiyməti bir barel üçün 80 dollara yüksəlib.
İyunun 24-nə olan məlumata görə, neft qiymətləri demək olar ki, İsrailin “Rising Lion” əməliyyatı başlamazdan əvvəlki səviyyəyə qayıdıb. Onlar ABŞ-ın İranın nüvə mərkəzlərinə zərbələrindən dərhal sonra pik həddinə çatıb, lakin bazar İslam Respublikasının simvolik cavabını münaqişənin dondurulması istiqamətində addım kimi qiymətləndirib.
İsrail artıq endirdiyi zərbələrə cavab verməsə, İrana qarşı hücumları dayandıracağını təsdiqləyib. ABŞ prezidenti Donald Tramp da öz növbəsində qarşılıqlı hücumların dayandırılacağına əminliyini ifadə edib.
Amerika mediasına görə, Ağ Ev rəhbəri baş nazir Benyamin Netanyahuya hücumları dayandırması üçün təzyiq edib, çünki Tehran “artıq kifayət qədər zəifləyib”. Eyni zamanda, ekspertlər hələlik İranın nüvə proqramına dəyən real zərərin adını çəkə bilmirlər.