Ən çətin viza verən ÖLKƏLƏR-AÇIQLAMA
Ölkə vətəndaşları arasında təhsil, iş, yaşayış və digər məqsədlər ilə bağlı xarici ölkələrə gedənlərin sayı yüksəkdir. Lakin bu o qədər də asan həll edilmir. Bəzi ölkələrə gediş üçün verilən vizalar ya çox gec verilir, ya da olduqca baha qiymətə olur.
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Ajans.az-a açıqlayıb ki, viza məsələsi xaricə gedən vətəndaşlar üçün aktual problemdir. Bəzi ölkələr var ki, ora getmək üçün viza mütləqdir.
Əziz Şiriyev qeyd edib ki, xüsusilə Avropa ölkələri, Amerika, Tayland ( Çin ilə artıq məsələ həll edilib) kimi ölkələrə gediş üçün viza vacibdir. Ən çətin viza verən ölkələr məhz Avropa ölkələri sayılır. Həmin ölkələr sırasında İsveç, Norveç, Belçika, Hollandiya və başqaları aiddir. Bu ölkələrə viza əldə etmək üçün vətəndaşlar əvvəlcədən növbə tutmalıdırlar. Daha sonra isə mərhələli şəkildə sənədləri hazır etməlidirlər.
“Vətəndaşlar bu ölkələr üçün vizanı almaq istəyirlərsə, turizm şirkətlərinə müraciət etsinlər. Sonra isə lazımi sənədləri doldursunlar. Heç bir şirkət viza almaq məsələsinə tam zəmanət verə bilməz. Çünki bu işin çətin tərəfləri çoxdur.”-deyə, ekspert söyləyib.
Onun fikirlərinə görə, viza üçün təhlükəsizlik məsələləri vacibdir. Hər bir ölkənin müvafiq səfirliyində bu xidmətlər fəaliyyət göstərir. Ümumilikdə, zaman, sənədlərin düzgün hazırlanması, vətəndaşın dəqiq qərarları viza məsələsində önəmli rol oynayır.