Reklam resmi
Reklam resmi

“Arabian Ghost”dan gələn təhlükə

“Arabian Ghost”dan gələn təhlükə
Gündəm

Son dövrlərdə "Arabian Ghost" adlı haker qruplaşmasının bir sıra dövlət və rəsmi qurumlara qarşı həyata keçirdiyi kiberhücumlar ictimaiyyətin və təhlükəsizlik orqanlarının diqqətini cəlb edib.Onlar əsasən dövlət orqanlarının rəsmi veb-saytlarına, informasiya bazalarına və ya ictimai xidmət platformalarına qarşı hücumlar edir, məlumat sızdırma, sistemləri dondurma və şəbəkələrə sızma kimi metodlardan istifadə edirlər.

Ajans.az xəbər verir ki, “Arabian Ghost” adlı haker qruplaşması Azərbaycanda da müxtəlif dövlət qurumlarının və media orqanlarının saytlarına qarşı ardıcıl kiberhücumlar həyata keçirib. Bu qruplaşma, xüsusilə informasiya texnologiyaları sahəsində yüksək səviyyəli təhdidlər yaradır.

Bu barədə danışan İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə görə,təhlükə kritik səviyyədə olmasa da, rəqəmsal suverenlik üçün davamlı hazırlıq vəziyyəti strateji zərurətdir:

“Arabian Ghost” adlı haker qruplaşmasının Azərbaycan dövlət saytlarına qarşı həyata keçirdiyi DDoS tipli kiberhücumlar ilkin mərhələdə texniki və kommunikasiya baxımından narahatlıq doğursa da, hazırda kritik təhlükə səviyyəsində qiymətləndirilmir. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi açıqlamasına əsasən, bu hücumlar real vaxtda monitorinq olunur və qarşısı alınır. Hücumlar nəticəsində dövlət informasiya ehtiyatlarında hər hansı fəaliyyət dayanması və ya məlumat itkisi qeydə alınmayıb ki, bu da müdafiə sistemlərinin hazır və effektiv olduğunu göstərir. Lakin burada vacib məqam ondan ibarətdir ki, kiberhücumun texniki nəticəsi ilə yanaşı, onun psixoloji və reputasiya xarakterli təsiri də nəzərə alınmalıdır.

DDoS hücumları çox zaman məlumat oğurlamaq üçün deyil, ictimai diqqət çəkmək, dövlətin texnoloji suverenliyinə kölgə salmaq və panika yaratmaq məqsədi daşıyır. Bu baxımdan, hər bir belə hücum xəbərdarlıq siqnalı kimi dəyərləndirilməlidir. Biz yalnız hücumlara cavab verməklə deyil, eyni zamanda proaktiv müdafiə yanaşmaları, süni intellekt əsaslı anomaliya aşkarlama sistemləri və kibertəhlükəsizlik üzrə milli maarifləndirmə proqramları ilə bu riski minimuma endirməliyik”.

Bu cür hücumların qarşısını almaq üçün kifayət qədər dövlət tərəfindən təhlükəsizlik rejimi dayanıqlı vəziyyətə gətirilsə də beynəlxalq əməkdaşlıq və kibertəhlükəsizlik sahəsində təhsil və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir.

Nurcan Babək

 

Mövzular:
“Arabian Ghost” kiberhücumlar

Digər Xəbərlər