Ağır qəzalar, yaralananlar, artan ÖLÜM SAYLARI
Son illərdə ölkəmizdə yol hərəkəti qaydaları pozuntuları, nəqliyyat qəzaları, ağır yaralanma və digər hallar müşahidə olunur. Dövlət tərəfindən daim maarifləndirmə keçirilir, qayda-qanunlar möhkəmləndirilir, ciddi nəzarət və cərimələr tətbiq olunur, polislər tərəfindən reydlər keçirilir və radar, kamera sistemləri gücləndirilir.
Təəssüf ki, statistika da qəzaların sayı artması bunun tam qarşısının alınmadığını göstərir. Qəzaların əksəriyyəti ağır yaralanmalar, ölüm halları və maddi zərərlə nəticələnir. Hadisələrin əsas səbəbləri arasında sürət həddinin aşılması, sükan arxasında mobil telefondan istifadə, içkili vəziyyətdə avtomobil idarə etmək və piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi kimi hallar qeyd olunur.
Ajans.az xəbər verir ki, qəzaların piyada və sürücü məsuliyyətsizliyi yoxsa qoyulan qanunların effektiv olmaması cəmiyyət arasında müzakirəyə səbəb olur. Müzakirələr nəticəsində bir qrup insan sürücülərin, həm də piyadaların davranış mədəniyyəti ilə bağlı çatışmazlıqlar, tətbiq edilən qayda və cərimələrin yetərsizliyi barədə müxtəlif fikirlər irəli sürür. Digərləri isə məsuliyyətsizlik, diqqətsizlik və sürücülük mədəniyyətinin olmamasını iddia edir.
Bu barədə danışan beynəlxalq dərəcəli sürücü təlimçisi, nəqliyyat üzrə ekspert Adil Nəbiyev bildirib ki, qəzaların sayının aşağı enməməsini statistika göstərir:

“Yollarımızda olan qəzalarin sayının ildən ilə artmasının başlıca səbəbi odur ki, əgər sağlamlığı yerindədirsə, istənilən vətəndaş sürücülük vəsiqəsini əldə edə bilir. Amma yol qaydalarını öyrənmirlər, təhlükəsizlik qaydalarından məlumatları yoxdur, bir sözlə təlimlərə cəlb olunmurlar. Sürücülük vəsiqəsi olmaq o deməkdir ki, sürücülük hüququ olan hər bir şəxs avtomobil idarə eləyə bilər. Amma yoxlayan yoxdur ki, bu adam avtomobili idarə edə bilir və yola çıxır, yoxsa elə kim istəyir, bir avtomobil aldı və avtomobil idarə etməyə yola çıxdı. Siz təsəvvürünüzə gətirin, Almaniyada 50 milyon maşın var, bizdə heç 2 milyon maşın yoxdur. Amma bizim qəzaların sayı, təxmini olaraq onların qəzalarının sayına bərabərdir, halbuki onlar bizdən 25 dəfə çoxdur. Ölüm sayları orada minimumdur, bizdə maksimumdur”.
Ekspertin sözlərinə görə, gecə vaxtı yollarda qəzalar daha çox olur, çünki işıqlandırma yoxdur:
“Bir az şəhərdən qırağa çıxıb baxdıqda, görürsən, işıqlar var amma işıqları yandırmırlar. Məsuliyyətsiz yanaşan, yəni tələsik və öyrənmədən, yola çıxıb səhv edərək örgənmək düşüncəsində olan insanlar bu cür zəncirvari, ağır və faciəli yol qəzalarına səbəb olurlar. Belə ki, bəzən xırda bir qəza nəticəsində bir neçə nəfər həyatını itirir. Fikir verisinizsə, rayonlara axışan sürücülər nə qədər qəzalar edir. Bu o deməkdir ki, şəhər içində idarə edən sürücü rayon yollarında sürə bilmir, rayonda sürənlər şəhərdə sürə bilmir. Başlıca səbəbi odur ki, təlim, tədris məsələsi çox aşağı səviyyədədir, sürücü kadr hazırlığı bizdə yoxdur. Mən dəfələrlə özü müraciət elədim və bir layihə hazırlamışam ki, böyük təlim mərkəzləri yaradaq, hər bir sürücülük vəsiqəsi alan şəxsi məcburi təlimlərə cəlb edək. Təlimlərdən keçən sürücülərə sertifikat təqdim edək”.
Nəqliyyat qəzalarının artmasında təkcə qayda pozuntuları yox, psixoloji faktorlar da səbəb olur. Bu barədə danışan Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, biz özümüzü qoruyuruq, amma başqalarını da qorumağa bacarmalıyıq:

“Son vaxtlar həm piyadalar, həm də sürücülər arasında aqressivlik, diqqət dağınıqlığı və s. kimi davranışlar görürük. Ümumiyyətlə, sürücü hər zaman öz məsuliyyətini anlamalıdır və bilməlidir ki, o əgər hər hansı bir avtomobili və yaxud da nəqliyyət vasitəsini idarə edirsə, həm öz həyatından, həm onunla olan insanın həyatından, həmçinin də qarşı tərəfin həyatından məsuliyyət daşıyır. Əlbəttə, piyadaların səhvləri olur. Bəzən yol qəzalarında sürücülər deyil, elə piyada keçidlərindən istifadə etməyən insanlar səbəb olur. Özləri məsuliyyətsiz olur, hər hansı bir fikir və diqqət dağınıqlığı olan insanlar var ki, düşünmədən özlərini yola ata bilirlər. Bütün bunlara səbəb diqqət dağınıqlığı, aqresivlik, insanların qayğı, stressdən əziyyət çəkməsi və s. kimi psixoloji faktorlardır”.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması təkcə cərimə və nəzarətlə mümkün deyil. Sürücülər məsuliyyət hissinin formalaşdırmalı, piyadalar qaydalara riayət etməlidir. Yalnız bu zaman dövlətin gördüyü tədbirlər effektiv nəticə verə bilər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Nurcan Babək