Müqavilə ilə ev alarkən risklərdən necə qorunmaq olar? - DETALLAR
"Əslində, belə halların son 2-3 il ərzində azalması müşahidə olunur. Çünki faktiki praktika göstərir ki, belə hallarda həmişə bunu edən şəxslər həbs olunurlar".
Bunu "Ajans.az"a açıqlamasında Azərbaycan rieltorlar assosiasiyasi rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib.

O bildirib ki, nəticə etibarilə bu cür işlər həmin şəxslər üçün yaxşı bitmir.
"Əvvəllər belə hallar çox olurdu. Ölkədə bir neçə etibarsız tikinti şirkətinin rəhbərləri var idi ki, qanunda olan boşluqlardan istifadə edirdilər. Bu kimi hallar əsasən müqavilə ilə satılan mənzillərdə ortaya çıxırdı. İlk növbədə vətəndaşlar özləri buna yol verməməlidirlər".
O əlavə edib ki, belə mənzillərin qiyməti ucuz və cəlbedici görsənir:
" Müqavilə ilə alqı-satqı prosesləri minimuma endirilməlidir. Adətən, belə mənzillərin qiyməti daha ucuz və cəlbedici görünür. Lakin qanun vətəndaşlara çıxarış olmadığı üçün bina istismara qəbul olunana qədər müqavilə əsasında mənzilin hüquqlarından imtina etmək və ya başqa vətəndaşın xeyrinə keçirmək imkanı verir. Bu prosesin tənzimləmə mexanizmi tikinti şirkəti üzərindən həyata keçirilir. Vətəndaş ilk növbədə qarşı tərəflə bütün məlumatları dəqiqləşdirməlidir". Elnur Azadov alqı-satqı zamanı ödənişlər və imtina ərizəsi haqqında da danışıb: "Bu işə təkrar mənzil alışı ilə bağlı ekspertlər və vəkillər cəlb olunmalıdır. Tikinti şirkəti həmin mənzilin satışı haqqında arayış təqdim etməlidir. Pul köçürmələrinin isə notarial qaydada və bank hesabı vasitəsilə həyata keçirilməsi daha məqsədəuyğundur. Əgər əvvəlki sahiblər məlumdursa və alqı-satqı həyata keçirilibsə, həmin şəxsin rəsmi nikahda olduğu həyat yoldaşının notarial qaydada imtina ərizəsi də tələb olunmalıdır".
"Ən azı bu sadə üsullarla rəsmiyyət həyata keçirilərsə, sözsüz ki, risklər minimuma enər", - deyə sonda o əlavə edib.