Reklam resmi
Reklam resmi

Putin–Zelenski görüşü: Müharibəyə son, yoxsa yeni mərhələnin başlanğıcı?

Putin–Zelenski görüşü: Müharibəyə son, yoxsa yeni mərhələnin başlanğıcı?
Siyasət

2022-ci ilin fevralından etibarən davam edən Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında itkilərlə yekunlaşmayıb, eyni zamanda beynəlxalq güc balansını dəyişdirən, enerji təhlükəsizliyini təhdid edən və qlobal iqtisadiyyatda ciddi silkələnmələrə səbəb olan çoxşaxəli böhran halını alıb. Müharibə dövründə dəfələrlə atəşkəs və diplomatik danışıqlar təşəbbüsləri gündəmə gəlsə də, bu səylər real nəticə verməyib.

Ajans.az xəbər verir ki, son günlərdə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında birbaşa görüş ehtimalının müzakirəyə çıxarılması, bu mürəkkəb prosesdə yeni bir mərhələnin başlaya biləcəyi ehtimalını gündəmə gətirib. Görüşün baş tutacağı təqdirdə, onun yalnız iki ölkənin deyil, bütövlükdə regionun və beynəlxalq münasibətlər sisteminin gələcəyi baxımından hansı nəticələr doğura biləcəyi ciddi müzakirə mövzusudur.

Bu barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, prezidentlərin görüşü konkret nəticələrdən sonra mümkündür:

“Əslində bu görüş baş tutmayacaq. Putinlə Zelenski görüşməyəcək. Putin, çox güman, bu görüşə qatılmayacaq. Zelenski razılığını verib, amma Putin yox. Nümayəndə heyətləri görüşəcək və onların nəticəsinə əsasən prezidentlərin görüşü mümkün ola bilər. Yəni, Putinin yanaşması belədir.Ortada konkret razılaşma yoxdursa, görüşməyə də əsas yoxdur. Əgər nümayəndə heyətləri ortaq məxrəcə gəlsələr, sülh müqaviləsinin qaralamasını hazırlasalar və müəyyən şərtlər üzərində razılıq əldə olunsa, o zaman liderlərin görüşü müzakirə oluna bilər. Bu proseslər bir neçə gün yox, həftələr, bəlkə də aylar çəkə bilər və bu müddətdə müharibənin davam etməsi də mümkündür”. Politoloqun sözlərinə görə, hər şey tərəflərin nə dərəcədə real danışıqlara hazır olmasından və müharibənin gedişindən asılıdır: “Tərəflərin atəşkəsə yanaşması da fərqlidir. Rusiya atəşkəsi yalnız konkret qarantiyalar və danışıqların nəticəsi bəlli olduqdan sonra qəbul edir. Zelenski isə əvvəlcə atəşkəsin elan olunmasını, sonra isə danışıqların aparılmasını istəyir. Türkiyə isə bu danışıqlarda vasitəçi rolunu oynamağa çalışır, lakin üz-üzə və vasitəçisiz format tələbi bu imkanları məhdudlaşdırır”. Siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, hətta görüş olsa belə, nəticə sual altındadır:

“Əgər görüş alınarsa ki, mən çox böyük şübhə içindəyəm, bu, ancaq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ola bilər. Zelenski görüşə hazırdır, amma Putin bu məsələdə maraqlı görünmür. Ona görə liderlərin birbaşa görüşü və bu görüşün ciddi nəticələr verməsi mənə inandırıcı gəlmir. Hətta hər iki lider görüşsə belə, tərəflər hələ də bir-birinə güzəşt etməyə hazır deyillər. Hərbi, iqtisadi və siyasi baxımdan hər iki tərəf tükənib. Xalqlar da müharibədən yorulub. Amma güzəşt olmadan razılaşma mümkün deyil. Bu baxımdan görüşün qlobal və ya regional əhəmiyyət kəsb etməsi də sual altındadır. Hər iki tərəf sadəcə beynəlxalq ictimaiyyət qarşısında öz mövqeyini göstərmək üçün ‘görüşə hazıram’ deyir. Amma ‘müharibəni dayandıraq’ düşüncəsi görünmür”. Hərbi əməliyyatların davam etdiyi fonda Rusiya və Ukrayna arasında istənilən danışıqlar təşəbbüsü diqqətlə izlənilir. Lakin ekspertlər hesab edir ki, Putin və Zelenski arasında görüş yalnız nümayəndə heyətləri səviyyəsində konkret sənədlər və şərtlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks təqdirdə, bu cür görüşlər sadəcə diplomatik jest olaraq qalacaq və real nəticələr doğurmayacaq.                                                                                                                                                                                       Nurcan Babək

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Putin Zelenski müharibə böhran

Digər Xəbərlər