İşçiləri məcburi əməyə cəlb edənləri nə gözləyir? - AÇIQLAMA
"İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər."
Bunu "Ajans.az"a açıqlamasında Vəkil Rəşad Əliyev deyib.

" Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən, yalnız hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir."
Həmçinin, o əlavə edib ki, insanları məcburi əməyə cəlb edən şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir:
" Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən, işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə məsuliyyəti müəyyən edir."
Sonda o bildirib ki, bununla bağlı müəyyən məbləğdə cərimə də nəzərdə tutulub:
" Belə ki, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulub."