Tələbə Həmkarlar İttifaqları Komitəsinin yığdığı pul necə XƏRCLƏNİR?
Tələbələrin Həmkarlar İttifaqı Komitəsi (THİK) ilə bağlı narazılıqlar artır. Bəzi tələbələrin hər ay təqaüdlərindən tutularaq THİK-ə yönəldilən vəsaitlərin qarşılığında yetərli fəaliyyət və dəstək görmədiklərini bildirirlər.
Bakı Dövlət Universitetinin 4-cü kurs Mamedov Yusif məsələ ilə bağlı Ajans.az-a bildirib ki, bu günə qədər THİK-in yüksək səviyyəli tədbir və ya layihəsinə rast gəlməyib:
“Hər il müəllim və tələbələrin maaş və təqaüdlərindən müəyyən məbləğ Tələbə Həmkarlar İttifaqı Komitəsi üçün tutulur. Üstəlik, dövlət və müxtəlif təşkilatlardan aldıqları maddi dəstəyi, sponsorluq və tərəfdaşlıqları da nəzərə alsaq, onların ümumi büdcəsi kifayət qədər böyükdür. Amma bu günə qədər bir səviyyəli tədbir və ya layihə görməmişəm. Bəzən tədbirlər təşkil olunur, amma onların səviyyəsi müəllimlərin keçirdiyi açıq dərslərlə müqayisədə çox aşağıdır.”
Həmin tələbə deyib ki, bu günə qədər THİK-dən yalnız bir dəfə imkanı məhdud tələbələr üçün verilən cüzi maddi yardım alıb: “Ətrafımdakı tələbələrin də çoxu bu qurumdan narazıdır. Məncə, artıq THİK özü də bunun fərqindədir, lakin təəssüf ki, heç bir təşəbbüs göstərilmir.”
Təhsil eksperti Elçin Əfəndi də məsələyə münasibət bildirib. O, tələbələrin Həmkarlar İttifaqına üzv olması ilə bağlı narazılıqların əsaslı olduğunu qeyd edib:

“Tələbələrin həmkarlar ittifaqına üzvlüyü bəzən narazılıqla qarşılanır. Halbuki bu sahədə əsas məqsəd tələbələrin hüquqi və təhsil yönümlü problemlərinin həllində dəstək almaq və hüquqlarının qorunmasını təmin etməkdir. Bir çox tələbə üzvlük haqqı ödəməsinə baxmayaraq, THİK-in fəaliyyətindən ya xəbərsizdir, ya da bu imkanlardan faydalana bilmir. Halbuki üzvlük haqqı ödənilirsə, tələbələrin imtahan prosesi, müəllimlərlə mübahisələr və digər məsələlərlə bağlı həmkarlar ittifaqına müraciət etmək hüququ var.”
Ekspertin sözlərinə görə, bu hüquqlardan istifadə olunmaması tələbələrdə inamsızlıq yaradır:
“Nəticədə tələbələr düşünürlər ki, ittifaq yalnız üzvlük haqqı toplayır və əvəzində heç bir xidmət göstərmir. Bu narazılıqların qarşısını almaq üçün Həmkarlar İttifaqı tələbələrə fəaliyyətinə dair müntəzəm və şəffaf hesabatlar təqdim etməlidir. Bu, həm şəffaflığı artıracaq, həm də tələbələr arasında yaranan etimadsızlığı aradan qaldıracaq.”
Təhsil eksperti Elşən Qafarov isə deyib ki, “İctimai birliklər haqqında” qanuna əsasən, 18 yaşı tamam olmuş hər bir şəxs istənilən siyasi və ictimai birliyin üzvü ola bilər:

‘’Həmkarlar ittifaqlarına üzvlük isə könüllüdür. Ölkədə həmkarlar ittifaqlarının mexanizminin zəif işləməsi onların önəmini azaltmır. Bu sahənin inkişafına ehtiyac var. Son bir ildə həmkarlar ittifaqlarında islahatlara start verilib və yaxın gələcəkdə bunun müsbət nəticələri gözlənilir. Xüsusilə təhsil işçilərinin Azad Həmkarlar İttifaqında həm mərkəzi, həm də rayon rəhbərliyində dəyişikliklər aparılıb. Neqativ hallar aradan qaldırılır və proses davam etdirilir. Dünyanın əksər ölkələrində tələbə və işçi həmkarlar ittifaqları cəmiyyətin ən aparıcı ictimai birliklərindəndir. Hüquqları pozulan hər bir şəxs həmkarlar ittifaqına müraciət edə və hüquqi dəstək ala bilər’’.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.