Problemli kreditlər artır - Dəyişiklik GÖZLƏNİLİR?
Mərkəzi Bankın açıqladığı son məlumatlara görə, 2025-ci il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481,6 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7,2% və ya 32,5 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2,3% və ya 10,9 milyon manat artıb. Bəs bu artımın arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı Ajans.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, bu artımın bir neçə səbəbi mövcuddur:
“Əvvəl bir şeyi qeyd edim ki, problemli kreditlərin məbləği hələlik real olaraq o qədər də yüksək deyil. Düzdür, artıb, amma bu elə də ciddi rəqəm deyil. Ümumi götürdükdə problemli kreditlərin ən kritik həddi ümumi kredit portfelinin 3 faizini keçdikdən sonra təhlükəlidir. Bizdə hələlik aşağıdır. Amma əlbəttə ki, bu məbləğin ardıcıl olaraq artması arzuolunan deyil.

O ki qaldı problemli kreditlərin artmasının əsas səbəbinə, bu, istehlak kreditləridir. Yəni banklar daha çox istehlak kreditlərinə meyil edirlər, çünki uzunmüddətli biznes kreditlərində risk səviyyəsinin yüksək olduğunu görürlər. Ona görə ən çox gəliri istehlak kreditlərinin verilməsində görürlər. Söhbət məişət əşyalarının, məişət texnikasının alınması, vətəndaşların şəxsi ehtiyacları üçün mal və məhsulların alınması üçün verilən kreditlərdən gedir. Amma oturuşmuş bank əslində uzunmüddətli kreditlər və iqtisadiyyatın real sektoruna kreditlər verməyə köklənməlidir. Bizdə isə real sektorda risk səviyyəsi yüksəkdir”.
İqtisadçı istehlak kreditlərinin problemli kreditlərin artmasına səbəb olmasından danışarkən qeyd edib:
“İlk səbəb bu kreditlərin faizlərinin yüksək olmasıdır, digər səbəb inflyasiya amilidir. Vətəndaş ilin əvvəlində istehlak krediti götürür, sonradan ya iş yerini itirdiyi üçün, ya inflyasiyanın yüksək olması ilə bağlı, ya da gəlirlərinin azalmasına görə ilin axırında ödəməkdə çətinlik yaşayır. Bu da həmin problemli kreditlərin meydana gəlməsinə şərait yaradır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.