Azərbaycan məktəblərində Çin dili keçiriləcək? – AÇIQLAMA
Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çərçivəsində, iki ölkə arasında müxtəlif əməkdaşlıq müqavilələri imzalanıb. Hətta, Azərbaycan və Çin arasında viza rejimi ləğv edildi.
Təbii ki, bu addım Çin dili və mədəniyyətinə olan marağı da artıracaq.
Maraqlıdır, görəsən Çin dili ingilis və rus dilləri kimi Azərbaycanda işlək dilə çevrilə bilərmi? Bu dil Azərbaycan məktəblərində tədris olunacaq? Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov “Ajans.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında dövlət ümumtəhsil məktəblərində qanunvericiliyə əsasən 6 xarici dil tədris olunur:‘’Bunlardan 4-ü Avropa (ingilis, alman, fransız və rus), 2-si isə Şərq dilləridir (fars və ərəb). Yeni bir xarici dilin tədrisə daxil edilməsi üçün ilk növbədə müvafiq kadr hazırlığı aparılmalıdır. Bu isə, orta hesabla, təxminən 10 il vaxt tələb edir ki, tələbatı ödəyə biləcək səviyyədə müəllim heyəti formalaşdırılsın.
Hazırda Çin dilinin dövlət ümumtəhsil məktəblərində xarici dil kimi tədrisi məsələsi rəsmi şəkildə müzakirə olunmur. Bununla belə, bu proses ilkin mərhələdə pilot məktəblərdə sınaq şəklində başlana bilər – bu ciddi problem yaratmaz. Çin ilə Azərbaycan arasında münasibətlər inkişaf edir və bu fonunda Çin dilinə olan maraq da artır. Lakin bu maraq hələlik genişmiqyaslı tədrisə keçid üçün yetərli səviyyədə deyil’’. Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda ən çox tədris olunan xarici dil ingilis dilidir:
‘’Dünya əhalisinin təxminən 51 faizi bu dildə danışır. Daha sonra alman və fransız dilləri üstünlük təşkil edir. Əgər gələcəkdə Çin dilinə olan maraq və ehtiyac artarsa, onun məktəblərdə tədrisi məsələsi də nəzərdən keçirilə bilər’’.