Bu səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu - Deputat
“Azərbaycanla Çin arasında münasibətlər hər zaman yükəsk səviyyədə olub. Dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir”.
Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir.
Yeni imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da qeyd olunur ki, dövlət başçıları hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq ediblər. Ölkələrimiz qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Hərtərəfli strateji tərəfdaşlıq həm dər iki ölkənin xalqlarının mənafeyinə hesablanıb”.

Deputat qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və bu, qarşılıqlı dəstəyə əsaslanır:
“İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bakı və Pekin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çin eyni zamanda Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə də dəstək ifadə edib, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Rəsmi Bakı da öz növbəsində Tayvanı Çin ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanıyır.
Bu gün ikitərəfli münasibətlərin xarakterinə diqqət yetirdikdə aydın görünür ki, Azərbaycan və Çin müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqedən baxır. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normaların qorunmasına səy göstərir, diktə dilində danışmağa, güc siyasətinə qarşı çıxır. Bakı və Pekin ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinə tərəfdardır”.
Son olaraq Nigar Məmmədova vurğulayıb ki, ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas hədəflərdən biridir:
“Eyni zamanda investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması da tərəflər üçün vacib əhəmiyyət kəsb edir. Məlum olduğukimi, Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, Azərbaycan isə hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.
Tərəflər həmçinin "Kəmər və yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar. Yeri gəlmişkən, Azərbaycanın Çin ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanları da genişdir. Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib. Orta dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi, Azərbaycana regional və beynəlxalq ticarət yollarında mərkəzi mövqe qazandıra bilər. Bu, iqtisadiyyatın diversifikasiyasına və ticarət həcminin artırılmasına kömək edəcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.