Azərbaycanda qızılın qiyməti BAHALAŞACAQ
Qızılın qiymətində tarixi rekord qeydə alınıb.
COMEX birjasında fyuçers qiymətləri 2,17% artaraq 3400,64 ABŞ dollarına çatıb.
Maraqlıdır, bu bahalaşma Azərbaycana necə təsir göstərəcək?Məsələni dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli Ajans.az a bildirib ki, son zamanlar qızılın qiymətində sürətli artım müşahidə olunur: ‘’Dünya bazarında baş verən bu bahalaşma Azərbaycana da təsirsiz ötüşmüyəcək. Bu prosesin müəyyən müsbət tərəfləri də var. Belə ki, ölkənin valyuta ehtiyatlarının təxminən 22 faizi qızıldan ibarətdir. Nəticədə, qızılın qiymətinin artması Azərbaycanın ümumi sərvətinin də yüksəlməsinə səbəb olur. Eyni zamanda, ölkədə qızıl ixracı ilə məşğul olan bir neçə şirkət fəaliyyət göstərir. Qızılın qiymətinin bahalaşması bu şirkətlərin maliyyə vəziyyətinin yaxşılaşmasına və məhsullarının dəyərinin artmasına səbəb olur. İlin əvvəlində qızılın bir unsiyasının qiymətinin 3500 dollara qədər yüksəlməsi ehtimal edilirdi. Hazırda bu rəqəm 3400 dollara yaxınlaşır. Lakin qiymətlərin gələcəkdə necə dəyişəcəyi əsasən dünya miqyasında baş verən siyasi və iqtisadi proseslərdən asılıdır''. Ekspert vurğulayıb ki, qızılın bahalaşmasının əsas səbəblərindən biri ABŞ-ın sabiq prezidenti Donald Trampın ticarət siyasətidir: ''Bu siyasət nəticəsində bazarda narahatlıq və tərəddüdlər yaranır ki, bu da investorların qızıla marağını artırır. Ümumiyyətlə, qeyri-müəyyənlik artdıqca qızıl bahalaşır. Qarşıdakı dövrdə ya sabitlik dövrünə keçəcəyik, ya da qeyri-müəyyənlik daha da güclənəcək. Hər iki halda, qızıl bazarının dinamikası bu amillərə əsaslanaraq formalaşacaq''.