Türkiyə tarixinin ən böyük ƏMƏLİYYATI BAŞLADI - 525 nəfər tutuldu
Türkiyənin paytaxtı Ankarada narkotiklə mübarizə çərçivəsində irimiqyaslı əməliyyat həyata keçirilib. “NARKOKAPAN-Ankara” adlandırılan əməliyyat nəticəsində ümumilikdə 525 şübhəli şəxs saxlanılıb.
Ajans.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, bu əməliyyat ölkə tarixində narkotiklə mübarizə sahəsində indiyədək keçirilən ən genişmiqyaslı tədbirdir.
"Bu gün səhər saat 05:00-da başladığımız və Ankarada eyni anda 626 ünvana yönəlmiş əməliyyatla narkotik şəbəkələrinə ağır zərbə vurduq", – deyə nazir bildirib.
Əməliyyata ümumilikdə 4 min 768 polis əməkdaşı, 1 461 xüsusi təyinatlı qüvvə, 40 narkotik axtarış itləri, 4 pilotsuz uçuş aparatı (PUA) və digər hava dəstəyi vasitələri cəlb olunub.
Hazırda əməliyyatın davam etdiyi bildirilir.