DİQQƏT: Bu ixtisaslarda keçid balı artacaq!
Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər maksimum – 300 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 57 439 nəfərdən 468-i imtahana qatılmayıb, 10 nəfərin nəticəsi isə qayda pozuntusuna görə ləğv edilib.
Maraqlıdır, bu nəticələr builki qəbul imtahanlarında keçid ballarının yüksəlməsinə səbəb ola bilərmi? Mövzu ilə bağlı "Ajans.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu il maksimum bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə daha çoxdur: ‘’Bu isə onu deməyə əsas verir ki, ali təhsil müəssisələrində, xüsusilə də V ixtisas qrupu üzrə keçid ballarında artım müşahidə oluna bilər. Eyni zamanda, kolleclərə qəbul zamanı da ballarda artım gözlənilir. Çünki hər iki istiqamət üzrə qəbul yalnız buraxılış imtahanlarının nəticələrinə əsasən aparılır.Qarşıdakı iki həftə ərzində 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin elan olunması gözlənilir. Həmçinin, 6 aprel tarixində əvvəlki ilin məzunları üçün keçirilmiş qəbul imtahanlarının nəticələrinin may ayının 11-dək açıqlanacağı bildirilir. Bütün buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Əgər abituriyentlər blok imtahanlarında da bu səviyyədə nəticə göstərsələr, ingilis dilində tədris olunan prestijli ixtisasların keçid ballarında artım gözləniləcək’’. Ekspert vurğulayıb ki, daha az tələbat olan ixtisaslarda balların aşağı düşməsi ehtimalı var: ‘’Xüsusilə, 150 ballıq ixtisaslarda bu hal müşahidə oluna bilər. I ixtisas qrupu üzrə kənd təsərrüfatı yönümlü ixtisaslar (ekologiya mühəndisliyi, şərabçılıq, meşəçilik və s.), II qrupda turizm bələdçiliyi, marketinq, III qrupda muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması və bəzi regionşünaslıq ixtisasları, IV qrupda isə bağçılıq, tərəvəzçilik və ekologiya ixtisaslarında keçid ballarında enmə baş verə bilər’’.