"Şirkət məsuliyyət daşıyır" - "Bolt"a cəza veriləcək?
Bakıda “BYD” markalı avtomobil sürətlə hərəkət edərək beton maneəni aşaraq Heydər Əliyev prospektinə daxil olub. Məlumata görə, sürücünün ayağında elektron qolbaq olub və o, avtomobili başqa şəxsin adına qeydiyyatdan keçirib.
Qeyd olunur ki, bu kimi hallar “Bolt” platformasında da tez-tez baş verir. Şirkət bildirib ki, həmin avtomobilin buraxılış kartı 8 apreldə ləğv edilib, lakin texniki səbəblərdən bloklama prosesi vaxt aparıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Hadisəyə münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov “Ajans.az"a açıqlamasında deyib ki, taksi fəaliyyəti ilə bağlı qəbul olunan yeni qaydalara əsasən, taksi sürücüsünə və onun idarə etdiyi avtomobilə görə birbaşa məsuliyyət əməkdaşlıq etdiyi şirkətin üzərinə düşür:

‘’Əgər bu şirkətlər tərəfindən qaydalara zidd hallar baş verərsə, həmin taksi şirkətinə qarşı sanksiyalar tətbiq edilir. Fikrimcə, dünən baş vermiş hadisədən sonra bu şirkətlərlə daha ciddi işləmək zərurəti yaranır. Onlara qarşı daha sərt tələblər qoyulmalıdır.
Hazırda bəzi taksi şirkətləri sürücüləri sutka ərzində 14 saata qədər işləməyə məcbur edirlər. Onlara şirnikləndirici təkliflər verilir, lakin qeyri-nağd ödənişləri vaxtında qaytarmırlar. Ən böyük problemlərdən biri isə şirkətlərin sürücülərdən yüksək faizli komissiya haqqı almasıdır. Bu nüanslara xüsusi diqqət yetirilməli və tənzimləmə mexanizmləri gücləndirilməlidir’’.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.