Kimlər daha çox yuxu görür? - Psixoloqdan Şok Detallar!
Yuxular insan həyatının ayrılmaz hissəsidir və demək olar ki, hər kəs yuxu görür.
Bəs yuxular sadəcə təsadüfi beyin fəaliyyəti nəticəsindəmi yaranır, yoxsa onların arxasında dərin psixoloji və mənəvi mənalar dayanır?
Mövzu ilə bağlı danışan psixoloq Fərqanə Mehmanqızı “Ajans.az”a açıqlamasında bildirib ki, alimlər bu barədə illərdir araşdırmalar aparsalar da, hələ də yekun və dəqiq nəticəyə gəlinməyib:
‘’Necə ki, insan psixologiyası tam öyrənilməmiş və bir çox sirri açılmamış sahədir, eləcə də yuxuların mənşəyi və mahiyyəti hələ də tam aydın deyil. Tez-tez və intensiv yuxular görən insanlar arasında obsessiv pozuntulardan əziyyət çəkənlərə rast gəlinir. Eyni zamanda depressiya və şizofreniya kimi psixi pozuntular da yuxu aktivliyinin artması ilə əlaqələndirilir. Alimlər hesab edirlər ki, yuxular çox vaxt uşaqlıq travmaları və psixoloji gərginliklərlə bağlı olur.
Normal şəraitdə insanlar daha az və qısa müddətli yuxular görürlər. Araşdırmalara görə, adi yuxuların müddəti cəmi 15-30 saniyə arasında olur. Lakin insanlar bu yuxuları öz inanclarına və dünyagörüşlərinə uyğun şəkildə şərh edirlər. Kimisi yuxularına önəm verir, kimisi isə tamamilə əhəmiyyətsiz hesab edir. Yuxular həm psixologiyada, həm də dində xüsusi yer tutur’’.
F.Mehmanqızı qeyd etdi ki, Məşhur psixoanalitik Ziqmund Freyd yuxuları insanın şüuraltı arzularının ifadəsi kimi yozub:
‘’Dində isə yuxular ilahi işarə və ya xəbər kimi qəbul edilir. İslam inancına görə yuxu – ölümün bir növ kiçik qardaşıdır. Çünki yuxu zamanı insan ətrafda baş verənləri dərk etmir və tamamilə başqa bir aləmdə olur.
Bəzi elmi nəzəriyyələr yuxunu beyindəki duyğuların və informasiyaların işlənmə prosesi kimi izah edir. Maraqlıdır ki, insanlar çox yorğun olduqları zaman belə yata bilmirlər – bu isə orqanizmdəki bəzi bioloji və psixoloji reaksiyalarla izah olunur.
Hər nə qədər yuxular haqqında dəqiq və qəti elmi nəticələr olmasa da, demək mümkündür ki, yuxular insan psixikası və həyat keyfiyyəti üçün əhəmiyyətli siqnallar daşıyır’’.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.