Deputat "Azdrama"dakı qalmaqaldan DANIŞDI - "Bu, yolverilməzdir"
“Son proseslər göstərir ki, teatrda canlılıq var, müzakirələr var. Allah eləsin ki, bu, hansısa formada dava-dalaşa keçməsin. Sənət dünyasında sağlam müzakirələrin olması elə də təhlükəli bir şey deyil”.
Bunu Ajans.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, mətbuatda yazıldığı kimi, hansısa şəhidin adından istifadə olunması, etika çərçivəsindən kənar ittihamların səsləndirilməsi yolverilməzdir:
“Teatr elədir ki, tamaşaçı cəlb etmək üçün hansısa yeniliklər ola bilər, yeniliklərə qarşı da mənfi münasibətlər sərgilənə bilər, bunlar mümkündür. Lakin bütün bunlar etik çərçivədən kənara çıxmamalıdır. Əks halda bu, faydalı istiqamətdə gedən müzakirələri daha da gərginləşdirər, doğru qərarların qəbul edilməsinə mane ola bilər".
“Azdrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı danışan deputat bildirib ki, onun gəlişindən sonra teatrda yeniliklərə meyil hiss edir:
“Mən də teatrda bir neçə tamaşalarda olmuşam, tamaşaçı zövqünə görə hər tamaşa haqqında eyni fikirdə olmaya bilərsən, amma bir yeniliyə, abu-havanı dəyişməyə marağın böyük olduğunu görürəm. Əgər müsbət dəyişikliklərə nail olmağa çalışılırsa, məncə bunu cəmiyyətin də dəstəkləməsi lazımdır. Çünki ortada uduzan teatrdır. Çalışmalıyıq teatr intriqa mənbəyi kimi yox, sənət mənbəyi kimi qalmasın”.
Xatırladaq ki, son vaxtlar Akademik Milli Dram Teatrının adı qalmaqallarla hallanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.